Xəbərlər 18.04.2024 21:40 925

BSU-da “İnklüziv cəmiyyətdə maneələr və yeni texnologiyalar” mövzusunda məlumat sessiyası keçirilib

Aprelin 2-də Bakı Slavyan Universitetində (BSU-da) "İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktik konfrans və Ümumdünya Autizm Maarifləndirmə aylığı çərçivəsində "İnklüziv cəmiyyətdə maneələr və yeni texnologiyalar" mövzusunda məlumat sessiyası keçirilib.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev bu günün Azərbaycan tarixində xüsusi əhəmiyyətli tarix olduğunu xatırladaraq Aprel döyüşlərinin şanlı zəfərimizin başlanğıcı olduğunu bildirib. Rektor ali təhsil müəssisələrinin Prezident İlham Əliyevin imzaladığı 2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramının tələblərindən irəli gələrək fəaliyyət göstərmələrinin vacibliyindən danışıb. BSU-nun bir ali təhsil müəssisəsi kimi autizm və inklüziv təhsilə baxışından söz açan Anar Nağıyev universitetdə ənənəvi olaraq Beynəlxalq Autizm Aylığı və “İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktik konfrans çərçivəsində silsilə tədbirlərin keçirilməsinə başlanıldığını vurğulayıb. Rektor bu günkü tədbirin keçirilməsində məqsədin inklüziv cəmiyyətdə yeni imkanlardan bəhs etmək olduğunu qeyd edərək fərq yaratmağı bacaran istedadlı tələbə və şagirdlərə öz minnətdarlığını bildirib.

BSU-nun Filologiya fakültəsinin 2022-ci il məzunu, Xəzər TV-nin suflyor operatoru, fiziki məhdudiyyətli şəxs Kəmalə Babayeva fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası haqqında təqdimatla çıxış edib. "BSU-ya qəbul olunmaq mənim ilk uğurum və uğurlarımın başlanğıcıdır"- deyə qeyd edən Kəmalə fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası ilə bağlı öz şəxsi təcrübələrini bölüşüb.

 

Quba şəhəri M.Niftəliyev adına Texniki Təmayüllü Liseyin X sinif şagirdi Zamiq Şükürovun görmə əngəlli insanlar üçün hazırlanmış ixtirasının təqdimatı olub. Məktəbli “The Right Way”adlı ixtirasının hazırlanma mərhələsi onun iş prinsipi üstünlükləri barəsində danışıb.

Bakı Dövlət Universitetinin II tədris ili tələbələri Aydan Zeynalova və Xanım Hüseynova Səxavət Məmmədov adına tam orta məktəb X sinif şagirdi Hüseyn Hüseynovla birgə fiziki məhdudiyyətli şəxslər və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün hazırladıqları Yardım maşını layihələrini təqdim edərək tədbir iştirakçılarına layihələri haqqında ətraflı məlumat veriblər.

Sonra BSU-nun Tədris işləri üzrə prorektoru Ənvər Abbasov, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədr müavini Reyhan Cəfərova, “Kapital Bankın” nümayəndəsi Nihad Salmanlı mövzu ətrafında çıxışlar ediblər. Çıxışlarda innovasiyanın təhsilin əsas göstəricisi olduğu bildirilib, təqdimatlarla çıxış edən gənclərə təşəkkür edilib. Eyni zamanda, onların təşəbbüslərinin daim dəstəklənəcəyi qeyd edilib.

Sonda tədbirdə çıxış edən gənclərə Beynəlxalq Autizm Aylığı çərçivəsində inklüziv cəmiyyətin qurulmasında innovativ ideyaların təşkili və səmərəli fəaliyyətlərinə görə sertifikatlar təqdim olunub.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı