Təhsil və tibb müəssisələrinin psixoloqları üçün seminar keçirilib
Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi və Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Bakı şəhəri, Nərimanov rayonu 82, Xətai rayonu 86 və Qaradağ rayonu 288 nömrəli tam orta məktəblərdə “Təhsil və tibb müəssisələrinin psixoloqları tərəfindən ekstremal şəraitdə ilkin psixoloji yardımın göstərilməsi” mövzusunda seminarlar keçirilib.
Seminarlarda FHN-in əməkdaşları, həmçinin Bakı şəhərini əhatə edən təhsil və tibb müəssisələrinin psixoloqları iştirak ediblər.
Seminarların keçirilməsində məqsəd təhsil və tibb müəssisələrində fəaliyyət göstərən psixoloqların ekstremal şəraitdə işləmə vərdişlərinin artırılması, eyni zamanda qarşılıqlı peşəkar fəaliyyətin qurulması olub.
Əvvəlcə, çıxış edən FHN-in Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov seminarların əhəmiyyətindən bəhs edərək iştirakçılara uğurlar arzulayıb.
Sonra FHN-in əməkdaşları tərəfindən ekstremal şəraitdə ilkin psixoloji yardım barədə seminar iştirakçılarına ətraflı məlumat verilib.
İnteraktiv müzakirələr fonunda davam edən seminarlarda iştirakçıların sualları cavablandırılıb.