Xəbərlər 22.05.2024 15:55 874

Dünya İqtisadiyyatında Struktur Böhran və İnflyasiya: Elşad Məmmədovun Analizi

Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin 1 saylı Analitik Bülleteni keçirilib. 

Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elşad Məmmədov dünya iqtisadiyyatında inflyasiya, onun Azərbaycan iqtisadiyyatına təsiri, ölkədə antiinflyasiya tədbirlərinin həyata keçirilməsi haqqında çıxış edib: "Vaxtı ilə mövcud olmuş qlobal enerji və ərzaq bazarlarının seqmentləşməsi hələ öz kulminasiyasına çatmayıb. Lakin  aparıcı beyin mərkəzləri bu istiqamətdə gözlənilən fundamental dəyişiklikləri artıq proqnozlaşdırmaqdadırlar. Misal olaraq, transsərhəd taxıl əmtəə axını istiqamətinin 40 faizə qədərinin dəyişməsinin proqnozlaşdırılmasını göstərnək olar. Bununla belə, ərzaq bazarının gübrə bazarından kritik asılılığını nəzərə aldıqda ərzaq bazarında son dərəcə qeyri-sabit vəziyyətin  yaranmasını müşahidə etmək olar. Belə ki,  azot, fosfor, kalium gübrələri bazarında əmtəə axını istiqamətinin təqribən 30 faizinin(!) dəyişməsi gözlənilir. Həmçinin, gübrə bazarının enerji bazarından kritik asılılığını da nəzərə almaq lazımdır. Enerji bazarındakı keyfiyyət  dəyişiklikləri isə, zənnimizcə, göz qabağındadır. Hazırda dünyada enerji resurslarının əlçatanlığı baxımından çox dərin, son onilliklər ərzində misli görünməmiş transformasiyalar müşahidə edilir ki, nəticədə, Amerika və Asiya istehsalçıları böyük və dayanıqlı rəqabət üstünlükləri əldə edirlər. Yuxarıda təsvir edilən  mənzərə Azərbaycanın iqtisadiyyatı qarşısında ciddi çağırışlar formalaşdırmaqdadır və bu  xarici riskləri effektiv şəkildə azalda bilən effektiv qabaqlayıcı və digər qoruyucu tədbirlərin görülməsinə ehtiyacları diktə edir. Fikrimizcə, qeyd edilən analitik məlumatlar ölkəmizdə idxal inflyasiyası ilə effektiv mübarizə üçün müvafiq tədbirlər sisteminin tətbiqini zəruri edir. Bununla bağlı  hesab edirik ki,  reallaşdırılmalı olan mexanizmləri   aşağıdakı istiqamətlər üzrə təsnif etmək məqsədəuyğundur:

1. İstehsal proseslərinin lokallaşdırılması;

2. Regional texnoloji kooperasiyanın genişləndirilməsi;

3. Ölkə iqtisadiyyatına yatırılan birbaşa investisiyaların (kapital qoyuluşların)  həcminin kəskin şəkildə artırılması;

4. Ölkənin  pul-kredit siyasətinin fundamental olaraq investisiya artımına  köklənməsi;

5. Ölkə iqtisadiyyatında innovativ tutumlu layihələrin payının artırılması;

6. İstehsal proseslərinin səmərəliliyini və gəlirliliyini artırmaq üçün regional satış bazarlarının formalaşdırılması;

7. Ölkədə daxili istehsalın fiskal stimullaşdırılması mexanizmlərinin dərinləşdirilməsi.

Bununla belə, hesab edirik ki,  antiinflyasiya tədbirlərinin respublikada  proaktiv, dayanıqlı, sistemli,  kompleksli olması, pul-kredit, fiskal, sənaye, ticarət, xidmət, xarici iqtisadi siyasət sektorlarını, eləcədə makroiqtisadi siyasətlə bağlı gündəmin digər komponentlərini əhatə etməsi zəruridir".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı