Xəbərlər 23.05.2024 19:45 5220

Müstəqillik Gününə həsr edilmiş Spartakiada – MASALLIDA

Müstəqillik Gününə həsr edilmiş Spartakiada – MASALLIDA

 

Masallıda 28 May – Müstəqillik Gününə həsr edilmiş Lənkəran-Astara regionu (Lənkəran, Astara, Masallı, Yardımlı, Lerik, Cəlilabad) üzrə spartakiadanın açılış mərasimi olub.
Masallı Rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə mayın 23-də, Masallı Olimpiya İdman Kompleksində gerçəkləşən idman tədbirində əvvəlcə dövlət himnimiz səsləndirilib, Ümummilli lider Heydər Əliyevin, müstəqilliyimiz və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Müstəqillik Günü ərəfəsində rayonumuzun belə bir möhtəşəm idman tədbirinə ev sahibliyi etməsini əhəmiyyətli hadisə kimi dəyərləndirib. Rayon rəhbəri idmanımızın böyük himayədarı olmuş Ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı, ölkə rəhbəri, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin Azərbaycan idmanının inkişafı yönümündə xidmətlərindən, o cümlədən Masallıda bu sahə üzrə məqsədyönlü tədbirlərin həyata keçirilməsindən danışıb. 
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə bildirib ki, on idman növü üzrə min nəfərdən çox idmançının qatıldığı spartakiadanın keçirilməsində məqsəd Müstəqillik Gününün qeyd olunması, müxtəlif yaş qruplarında insanların idmana cəlb edilməsi, sağlam həyat tərzinin təbliğidir.
Respublikada, eləcə də regionlarda bədən tərbiyəsi və idmana göstərilən dövlət qayğısından danışan natiqlər spartakiada iştirakçılarına uğurlar arzulayıblar.
Cəlilabad rayonu “Aslanlar” kontakt karate klubu üzvlərinin bir-birindən maraqlı göstərici fəndləri, Masallı Mədəniyyət Mərkəzi “Halay” rəqs qrupunun çıxışları təntənəli açılış mərasiminə bayram ab-havası gətirib.   
Mayın 20-dən start götürən spartakiadada beş idman növü üzrə (voleybol, minifutbol, atletika, stolüstü tennis, həndbol) keçirilən region turnirlərinin qalib komanda və idmançıları Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kubok, medal və diplomları ilə təltif olunublar.
Boks, ağırlıqqaldırma, yunan-Roma və sərbəst güləş idman növləri üzrə qaliblər isə mayın 31-dək davam edəcək yarışların yekun nəticələrinə əsasən müəyyən ediləcək.

 

Akif AĞAYEV


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı