Xəbərlər 24.05.2024 21:11 2765

“Müstəqil, müasir Azərbaycanın qurucusu və əbədiyaşar lideri” – Masallıda tədbir

“Müstəqil, müasir Azərbaycanın qurucusu və əbədiyaşar lideri” – Masallıda tədbir


Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbinin “Müstəqil, müasir Azərbaycanın qurucusu və əbədiyaşar lideri” mövzusunda növbəti seminarı keçirilib.
“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsində təşkil olunan tədbir öncəsi Ulu öndər Heydər Əliyevin, müstəqilliyimiz və torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxışında bildirib ki, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın böyük oğlu, azərbaycançılıq ideologiyasının banisi Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı əvəzsiz xidmətləri çoxəsrlik tariximizin ən şanlı səhifələridir: “Ümummilli Liderimiz hansı siyasi quruluşda fəaliyyət göstərməsindən asılı olmayaraq, onun bütün fəaliyyətinin əsasını xalqımızın parlaq gələcəyinin, qüdrətli bir dövlət kimi Azərbaycanın milli müstəqilliyinin əbədiliyinin təmin edilməsi təşkil etmişdir. Heydər Əliyevin xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci illərə, onun Sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. Həmin illərdə yaşamış dövlət və sənət xadimləri, təsərrüfat adamları, ziyalılar daim Ulu Öndərimizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətin müasiri olmaqdan qürurlandıqlarını bildirir və qeyd edirlər ki, bu dahi şəxsiyyətin Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. Mürəkkəb bir vəziyyətdə, 1993-cü ilin yayında Ulu Öndər xalqın çağırışı ilə ikinci dəfə respublika rəhbərliyinə qayıtdı. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasını “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda keçmiş Sovetlər Birliyindən miras qalmış rejimlə daban-dabana zidd olan demokratik-hüquqi dövlət yaratmağı bacardı. Böyük tariximizdə Prezident İlham Əliyev bir çox ilklərə imza atdığı kimi, bu savaşda da bir ilk yaratdı. Qazandığı qələbə ilə Möhtərəm Prezidentimiz Azərbaycan xalqını məğlub xalqdan qalib xalqa çevirdi, millətin başını uca etdi, özünə inam, güvən yaratdı, gələcək nəsillərə örnək verdi. 44 günlük müharibə və bir gün davam edən antiterror əməliyyatları nəticəsində Azərbaycan xalqı bilavasitə Ali Baş Komandanımızın müdrik dövlət rəhbərliyi, planetar təfəkkürü, diplomatik-siyasi ustalığı və sərkərdəlik məharəti nəticəsində dünyanın hər bir yerində özünə güvənərək qalib millət kimi qürur hissi ilə addımlayır. Dövlətimizin başçısı İlham Əliyev Ulu Öndər Heydər Əliyev tərəfindən qurulan güclü Azərbaycan Respublikası dövlətini yeni şəraitə uyğun olaraq müasirləşdirərək qələbəni təmin etdi.
Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönələn müdrik siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər Azərbaycanda bütün istiqamətlərdə böyük nailiyyətlər əldə olunub. Ölkə rəhbərinin uğurlu daxili və xarici siyasəti sayəsində dövlətçilik ənənələri möhkəmlənib, iqtisadiyyat inkişaf edib, mədəniyyət zənginləşib.”
“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov qeyd edib ki, gənc müstəqil respublikamız ilk illərdə dərin siyasi və iqtisadi böhranla üzləşib, erməni işğalı, daxili separatizm dövlət müstəqilliyini təhlükə altına alıb: “Belə ağır məqamda xalq müdrik rəhbəri Heydər Əliyevin simasında xilaskarını tapıb. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycan müstəqil dövlətçiliyini qoruya bilib, onun şəxsində dünyanın dövlətimizə inamı və etimadı yaranıb. Ümummilli Liderin rəhbərliyilə davamlı ictimai-siyasi sabitlik əldə edilib, ölkədə hüquqi və demokratik dövlət quruculuğuna başlanılıb. Qısa müddətdə dünyanın heç bir ölkəsinin nail ola bilmədiyi uğurlar qazanılıb və Azərbaycan sivil dünyaya inteqrasiya edib.”
Seminarda iştirak edən gənc fəallardan Fikrət Yaqubzadə, İlham Mirələmov və başqaları dövlətimizin keçdiyi çətin müstəqillik yolundan bəhs edərək, Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səylərindən danışıblar.
Gənclərin iştirakı ilə keçirilən tədbir mövzu ilə bağlı müzakirələrlə davam edib.


 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı