Yaxın Şərqin ilk qadın təyyarəçisi Azərbaycanlı Leyla Məmmədbəyovanın anım günüdür- FOTOLAR
Bu gün, Leyla Məmmədbəyovanın anım günündə, onun əziz xatirəsi ehtiramla yad edilir.
QHT.az xəbər verir ki, hünəri, savadı və cəsarətli addımları ilə önəmli hadisələrə imza atan azərbaycanlılardan biri də Şərqin ilk təyyarəçi qadını Leyla Məmmədbəyova (1909-1989) olub.
Leyla Məmmədbəyova 17 sentyabr 1909-cu ildə Bakıda, Qubalı ailədə dünyaya gəlib. İlk təhsilini Bakıda alıb, daha sonra 1930-cu ildə Bakı Aeroklubunda peşə təhsilini alaraq 1931-ci ildə ilk uçuşunu həyata keçirib. 1933-cü ildə isə SSRİ-nin ikinci qadın paraşütçüsü olub. İkinci Dünya Müharibəsi başlayanda aviasiya mayoru rütbəsində olan Leyla Məmmədbəyova, Bakı Aeroklubunda müəllim kimi fəaliyyət göstərərək yüzlərlə hərbi təyyarəçi və paraşütçü yetişdirib. Çətin və məsuliyyətli işinə baxmayaraq, mükəmməl həyat yoldaşı və altı övladını layiqli vətəndaş kimi böyüdüb. Leyla Məmmədbəyova 1949-cu ildə təyyarəçi karyerasını son uçuşu ilə başa çatdırıb və “Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti”nin Bakı filialında sədr müavini kimi çalışıb. 1961-ci ildə təqaüdə çıxıb və şərəfli həyat yoluna, örnək əmək fəaliyyətinə bir sıra şeir, sənədli film və kinofilm həsr edilib. Şərəfli ömür yolu keçən Leyla Məmmədbəyova 1989-cu ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn edilib.
Leyla Məmmədbəyova, həmçinin mükəmməl həyat yoldaşı və altı övladını layiqli vətəndaş kimi böyüdən fədakar ana idi. Onun şərəfli həyat yolu, örnək əmək fəaliyyəti, cəsarətli addımları və ailəsinə olan bağlılığı ilə Leyla Məmmədbəyova, Azərbaycanın əməlləriylə qürur duyduğu övladlarından biri kimi sevgi ilə anılır.
Bu gün, Leyla Məmmədbəyovanın anım günündə, onun əziz xatirəsi ehtiramla yad edilir. Göyləri fəth edən Leyla Məmmədbəyova, örnək şəxsiyyəti ilə könülləri də fəth edib və yüz minlərin sevgisini qazanıb. Ruhu göylərdədir, xatirəsi isə hər zaman ürəklərdədir.
Ruhu şad olsun!
Pərvanə Fərhadqızı