55 il öncə Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə sovet imperiyası tərkibində ölkənin iqtisadi, siyasi, mədəni baxımdan nüfuzlu regionlardan birinə çevrilməsi və milli müstəqillik düşüncəsinin formalaşmasının təməli atıldı. O zaman respublika iqtisadi gösətricilərinə görə geridə qalmışların sırasında idi. Bu təyinatdan sonra ilk günlərdən həyatın bütün sahələrində yeni quruculuğu və inkişafı təmin edəcək konsepsiya ortaya qoyuldu. Və bununla Azərbaycanda yeni milli və müstəqilliyə gedən dönəmin başlanğıcına start verildi.
Ölkə rəhbərliyinə təyinat aldıqdan az müddət sonra, 1969-cu il avqustun 5-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyev çıxış edərkən respublikanın inkişaf yollarının məziyyətləri barədə danışmış, mövcud nöqsanların səbəblərin açıqlayaraq onların aradan qaldırılmasını mühüm vəzifə olaraq qarşıya qoymuşdur: “Bəzi nailiyyətlərə baxmayaraq, respublika iqtisadiyyatının inkişafında müəyyən çətinliklərlə qarşılaşırıq, xalq təsərrüfatının bəzi sahələri xeyli geri qalır. Bizim təxirəsalınmaz vəzifəmiz səhiyyədə, tikinitidə və kənd təsərrüfatında yaranmış vəziyyəti dərindən təhlil etmək əsasında bütün zəhmətkeşləri vəzifələrinin yerinə yetirilməsindən ötrü səfərbərliyə almaq üçün lazımi tədbirlər görməkdən ibarətdir”.
Şübhəsiz, Heydər Əliyev nöqsanları, problemləri dəqiq bilirdi və doğma respublikanın digər müttəfiqlərdən geridə qalması ilə barışmırdı. Ona görə də ölkə rəhbəri əvvəlcə idarəetmə mexanizmini mükəmməl səviyyəyə qaldırdı, sonra mövcud potensiala nəzərən insanların milli-ictimai mütəşəkkilliyi zərurətini irəli sürərək buna nail oldu.
İttifaq miqyasında Azərbaycan KP MK-nın plenumunda qarşıya qoyulmuş məqsədlərin reallaşacağına çoxları inanmırdı. Bu irimiqyaslı quruculuq işlərini maneələri dəf edərək həyata keçirmək üçün böyük iradə və prinsipiallıq gərək idi. Heydər Əliyev isə öz qətiyyəti, idarəetmə qabiliyyəti ilə hələ Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etdiyi dövrdən tanınmışdı. Bu sistemdə o vaxtlar azərbaycanlılara nadir hallarda rast gəlinirdi. Təxminən iki ildən sonra komitədə azərbaycanlı kadrların yerləşdirilməsi və hazırlanması prosesi sürətlənmişdi.
Azərbaycanın qısa müddət ərzində inkişaf etmiş sovet respublikaları sırasına çıxmasını şərtləndirən əsas amillərdən biri də Heydər Əliyevin siyasətə yeni, həm də milli məzmun gətirməsidir. 1969-79-cu illərdə ölkədə mədəniyyətin, iqtisadiyyatın bütün sahələrində dirçəlişə nail olunmuş, Azərbaycan sənayenin və kənd təsərrüfatının inkişafına görə yüksək göstəricilər əldə etmişdir. Qazanılmış böyük nailiyyətlərdən biri də respuplikanın kadr potensialının möhkəmləndirilməsi olmuşdur. 70-ci illərdə çoxlu sayda azərbaycanlının müxtəlif ittifaq miqyaslı ali təhsil ocaqlarında təhsil alması sonrakı dövrlərdə ölkə təsərrüfatının bütün sahələrinin milli kadrlarla təminatını reallaşdırdı.
Dövlət rəhbəri avqust plenumundakı nitqində rəhbər işçilərin vəzifə məsuliyyətini birbaşa bilik və bacarıqdan, iqtisadi potensialdan və insan amilindən, milli maraqlarda səmərəli istifadə ilə əlaqələndirmişdir. Yalnız bu məsuliyyətin dərkindən sonra çətinliklərdən qurtararaq hərtərəfli inkişafa nail olmağın mümkünlüyünü ön plana çəkmişdir: “Azərbaycanın bütün ittifaq göstəricilərindən və digər respublikaların göstəricilərindən geridə qalması ciddi təşviş hissi doğurur. Bunu nə ilə izah etmək olar? Aydındır ki, hər bir sahədəki çatışmazlıqlırın öz xüsusi səbəbləri vardır. Lakin təhlil göstərir ki, bir çox sahə üçün səciyyəvi olan ümumi səbəblər də az deyildir. Bu, hər şeydən öncə etibar edilən iş sahəsi üçün rəhbərlərin məsuliyyət hissini itirməsindən ibarətdir. Odur ki, tabeliyində olan müəssisələrə rəhbərliyin səviyyəsi aşağıdır, lazımi tələbkarlıq və intizam yoxdur.”
Avqust plemundan sonrakı bütün dövrlərdə Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş iqtisadi siyasət respublikanın hərtərəfli inkişafını təmin etmiş, milli dəyər və maraqları həmişə ön sıraya çıxarmışdır. Ölkədə iri sənaye, kənd təsərrüfatı, mədəni-məişət obyektləri, istehsal və emal müəssisələri, təhsil ocaqları yaradılmış, bununla yanaşı, yaradıçı insanların, alimlərin əməyi də lazımi səviyyədə qiymətləndirilmişdir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dönəmində həyata keçirdiyi milli-mənəvi, ideoloji məzmunlu ideyalar Azərbaycan türkünün özünə, öz böyüklüyünə qayıdışına səbəb olmuşdur. Heydər Əliyev öz şəxsiyyəti ilə türkçülük düşüncəsini, ideyalarını SSRİ-nin ali rəhbərliyində çalışarkən belə həmişə fədakardıqla müdafiə etmişdir. Heydər Əliyev sovet dövləti rəhbərliyində təkcə Azərbaycan xalqının deyil, ümumilikdə ittifaq miqyasında yaşayan bütün türk xalqlarının mənafeyi uğrunda mübarizə aparır, türk dünyasının strateji problemlərinin həlli üzərində ciddiyyətlə düşünürdü. O dövrdə Heydər Əliyev Kremldə təmsil olunan yeganə türk idi. Moskvada yaşadığı illərdə dünya Heydər Əliyevi “Kremldə ucalan türk bayrağı” kimi tanıyırdı
Ulu Öndərin Azərbaycanda apardığı siyasətin milli mahiyyəti və müdrikliyi, çevikliyi milli-mənəvi potensial üzərində inkişaf qurmada təzahür edir. Heydər Əliyevin bizə qoyub getdiyi zəngin irs, formalaşdırdığı böyük dövlətçilik ideologiyası elə bir bütöv kompleksdir ki, imkanlar reallaşdıqca onun tərkib hissələri, məziyyətləri də tədricən artır.
Azərbaycan dilinin müstəqilliyi ideyaları milli liderimiz Heydər Əliyevin dövlətçilik düşüncəsində önəmli yer alan məsələlərdən biri olmuşdur.
Heydər Əliyev müdrikliyi və uzaqgörənliyi onda idi ki, sovet dönəmində mövcud imkanlardan bəhrələnərək Azərbaycanı inkişaf etdirərkən bugünkü müstəqilliyin əsaslarını düşünür və yaradırdı.
Dilimizin taleyi məsələsi milli-mənəvi dəyərlər kontekstində prezident Heydər Əliyevin siyasətinin ən aktual mövzusu olaraq dövlət qərarlarında bütün çalarları ilə səciyyəsini tapmış, elmi-tarixi cəhətdən perspektivi yəqinləşdirən amillər lazımi səviyyədə araşdırılmışdır. Məhz bunun əsasında isə dilimizin bəşər mədəniyyətinin inkişafındakı gələcək rolu barədə dolğun dövlət konsepsiyası müəyyənləşmişdir.
Heydər Əliyevin ölkəmizə ümumilikdə 34 illik rəhbərliyi dövründə millətin ana dilinə davamlı diqqətinin sayəsində Azərbaycan dili dövlət dili kimi əvvəlki formallığını itirərək ölkəmizdə həm ümumtürk təfəkkürünün canlanması prosesində kifayət qədər fəal iştirak etmiş, həm də vətənimizin müstəqilliyinə qədər özünün tarixi mövqeyini, nüfuzunu layiqli səviyyədə qoruyub saxlaya bilmişdir.
Azərbaycan dilinin dövlət dili elan edilməsi xalqımızın həyatında böyük tarixi dönüşdür. Dövlət dilinin inkişafı və statusu sahəsindəki böyük fəaliyyətə Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldiyi ilk günlərdən başlayıb.
1970-ci illərin ortalarından başlayaraq SSRİ-yə daxil olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gəldi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da artmışdı. Rus dilinin hüquqlarının genişləndirilməsi ilə əlaqədar “vahid dil” siyasəti daha geniş şəkildə təbliğ edilirdi. O zamanlar ana dilinin təbliği məsələsi qorxulu idi. Dil məsələsini qabardanlar ciddi təqib olunurdu. Ancaq o vaxt Azərbaycanın rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə bəyan edirdi. O, SSRİ Konstitusiyası haqqında danışarkən qeyd edib ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunmalıdır.
1977-1978-ci illərdə respublika rəhbəri çətinliklər qarşısında idi. Bəllidir ki, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edildi. O sənəd bütün respublikalarda hazırlanan yeni konstitusiyalar üçün baza rolunu oynamalı idi və faktiki olaraq oynayırdı. Konstitusiyada isə dövlət dili haqqında maddə yox idi. Digər ittifaq respublikalarında qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə yer almamışdı.
Azərbaycanda isə vəziyyət fərqli idi. Heydər Əliyev ana dilinin dövlət dili olaraq qəbul olunması uğrunda mübarizəsini davam etdirirdi. Dövlət dili uğrunda dönməz mübarizə aparan xalq dilimizin Konstitusiyada təsbit olunmamasından narazı idi. Ölkə rəhbəri ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə qoşaraq maneələri böyük əzmlə dəf etmişdir.
1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (Əsas Qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”
1978-ci il Konstitusiyası həqiqətən Heydər Əliyevin dilimizin taleyində, xalq, vətən yolunda göstərdiyi böyük xidmət idi. Sonucda Azərbaycan Konstitusiyası Heydər Əliyevin təklif etdiyi səviyyədə qəbul olundu. Bununla da Azərbaycan dili dövlət dili statusu aldı. Bu nəticə ilə gələcək müstəqil dövlətçiliyin milli atributlarından biri olan ana dili məharətlə qorumuşdur. Bundan sonrakı zamanlarda ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.
Müstəqillik dönəmində Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində bütün imkanları səfərbər edilmişdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilir, milli dildə nəşr edilən kitabların tirajları artırılır və ana dilinin daha da inkişaf etdirilməsi əsas məqsəd hesab olunurdu. Xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev milli mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı məsələsinə daim diqqətlə yanaşıb. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsi dövlət siyasətinin tərkib hissələrindən biri idi.
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər olub. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması təsbit olunub. Bununla da ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilib. Bu məqsədlə fərmanlar imzalanıb, qanunlar qəbul edilib.
Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan Prezident Heydər Əliyev dövlət dilinin yeni dönəmində yaranmış vəziyyəti nəzərə alaraq, 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamaqla dilin inkişafına bir stimul yaratmış oldu.
Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir. Tarixi əhəmiyyət kəsb edən bu sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində çox əhəmiyyətlidir. Bu Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Dünyanın heç bir dövlətində analoqu olmayan belə bir qurumun təsis olunması ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli şəkildə nəzarət etmək və bu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək məqsədi daşıyırdı...
Bu gün Azərbaycanın ümumi inkişafında dil, mədəniyyət, ədəbiyyat siyasətinin mühüm yeri vardır. Ana dilinin dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ölkəmizdə təməlləri möhkəm olan dil siyasəti ilə bağlıdır. Prezident İlham Əliyev bu siyasəti uğurla və yeni dinamika ilə davam etdirir. Dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi, ana dilimiz də müqəddəsdir. Müasir Azərbaycan indi Heydər Əliyevin yaratdığı tarixi, milli, ideoloji, iqtisadi əsaslar üzərində öz müstəqilliyini möhkəmləndirir və daha da inkişaf edir.
Dəyanət Osmanlı
“Türk Dünyası İnfo” İctimai Birliyinin sədri