“Göyərçin” İctimai Birliyi Şəhid anaları ilə görüş keçirdi- FOTOLAR
“Göyərçin” Təhsilin İnkişafına Dəstək İctima Birliyin sədri Gülnarə Vəlixanlı növbəti dəfə bir qrup şəhid anaları ilə bərabər olub.
QHT.az xəbər verir ki, Şəhidlərimizə həsr olunan tədbirdə Dövlət Himni səsləndirilib, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə təşkilatçı Gülnarə Vəlixanlı açaraq layihənin məqsədi haqqında məlumat verib. Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə dərc olunan, müəllifi olduğu “Şəhid qanı ilə yoğrulmuş Vətən” adlı kitabının təqdim edərək, şəhidlərimizin qəhrəmanlığının təbliği və xatirəsinin əbədiləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
Daha sonra, Vətən müharibəsi şəhidləri Əbdülməcid Axundovun anası Ceyran Həsənova çıxış edərək Azərbaycan xalqının şəhidlərinin xatirəsini daim uca tutduğunu bildirib. Şanlı ordumuz Qarabağ zəfəri ilə həm Vətən müharibəsində, həm də münaqişənin başladığı 1988-ci ildən bu yana verdiyimiz minlərlə şəhidimizin ruhunu şad edib: “İgid, cəsur, vətənpərvər övladlar yetişdirən bütün şəhid analarına təşəkkür edirəm. Nə qədər ki, Azərbaycan dövləti və Azərbaycan xalqı var, şəhidlərimiz də yaşayacaq və xatırlanacaq”, - deyə sədr çıxışında vurğulayıb.
Şəhid anaları Hüseynova Flora, Mehdiyeva Sürəyya, Həsənquliyeva Mayisə, Qəhrəmanova Arzu çıxış edərək övladlarının qəhrəmanlıqlarından danışıb, bir gözü yaşlı olsa da, qəhrəman oğulları haqqında qürurla çıxışlar ediblər. Kitab təqdimatından sonra müğənni Rəşid Sadıqov vətənpərvərlik ruhunda mahnıları ilə musiqili çıxışlar edib.