"Muğan bölgəsində pambıqçılığın inkişafına dəstək" layihəsi çərçivəsində maarifləndirmə seminarları keçirildi - FOTOLAR
Azərbaycan Respublikasının Qeyri-Hökümək Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Muğan Düzü" Sosial İnkişaf İctimai Birliyi tərəfindən icra olunan "Muğan bölgəsində pambıqçılığın inkişafına dəstək" layihəsi çərçivəsində Saatlı rayonunun Şirinbəyli, Fətəli və Günəşli kəndlərində maarifləndirmə seminarları keçirildi.
QHT.az xəbər verir ki, 13, 14, 15 avqust 2024-cü il tarixlərində baş tutan tədbirlərdə layihə rəhbəri Vidadi Quliyev layihənin məqsədləri barədə məlumat verərək, pambıqçılıq sahəsində çalışan işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması və pambıqçılığın inkişafına dair əsas məsələlərə toxundu. Bələdiyyə nümayəndələri və layihənin eksperti A. Adilov isə çıxışlarında pambıq becərilməsinin aqrotexniki qaydalarına, quraqlığa və şoranlığa davamlı yeni pambıq sortlarının tətbiqinə dair məlumatlar təqdim etdilər.
Fermerlər tərəfindən çıxışlar zamanı pambıq zavodları tərəfindən verilən dərmanların keyfiyyəti ilə bağlı narazılıqlar bildirildi və zavodlardan güzəştli kreditlərin verilməməsi, sentin aşağı düşməsi və qrunt suların təmizlənməsi üçün kollektor drenaj kanallarının təmir edilməsinin vacibliyi vurğulandı.
Layihə rəhbəri və ekspertlər fermerlərin qarşılaşdığı problemlərin yekunda Dövlət Aqrar İnkişaf Mərkəzində müzakirə olunacağını və təkliflər paketinin Kənd Təsərrüfatı Nazirliyinə təqdim ediləcəyini qeyd etdilər. Tədbirin sonunda iştirakçılar seminarlardan məmnun qaldıqlarını ifadə etdilər və "Muğan Düzü" SİİB əməkdaşları Azərbaycan Respublikasının Qeyri-Hökümək Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbirdə iştirak edən hər kəsə təşəkkürlərini bildirdilər.