QHT sədri Ramil Göyüşov ATƏT-in seçki müşahidəçiləri ilə rəsmi görüş keçirdi
Bu gün Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri və 107 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən Milli Məclisə namizəd Ramil Göyüşov ATƏT-in uzunmüddətli seçki müşahidəçiləri ilə rəsmi görüş keçirib. Görüş zamanı Göyüşov Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra ilk dəfə keçirilən növbədənkənar parlament seçkilərinin xüsusi əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihələri və regionların sosial-iqtisadi inkişafı haqqında ətraflı məlumat verib.
QHT.az xəbər verir ki, QHT sədri R. Göyüşov, seçki prosesinin şəffaf və ədalətli keçdiyini qeyd edərək, imza vərəqələrinin toplanmasından başlayaraq təbliğat-təşviqat kampaniyalarına qədər namizədlərə bərabər şərait yaradıldığını bildirib. Görüşdə həmçinin, Ermənistanın Qazaxın sərhəd kəndlərində törətdiyi cinayətlər haqqında da məlumat verilib.
ATƏT müşahidəçiləri ilə aparılan müzakirələr zamanı Göyüşov, Azərbaycanda 2024-cü ildə keçirilən Prezident Seçkilərinin ölkədə yeni bir seçki mədəniyyətinin formalaşmasına yol açdığını vurğulayıb və ədalətli seçkilərə olan inamını ifadə edib. O, çıxışını Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşada səsləndirdiyi fikirlə tamamlayıb: "Ədalət var, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır."
Bu görüş Ramil Göyüşovun seçki kampaniyasının əhəmiyyətli mərhələsi kimi qiymətləndirilir və onun seçicilərlə sıx təmasda olduğunu bir daha göstərir.