QHT sədri “Azərbaycanda İqlim Dəyişikliyinin Urbanizasiyaya Təsirləri” mövzusunda onlayn tədbirdə çıxış edib - FOTOLAR
Memarlıq, İnşaat və Dizayn İctimai Birliyinin (MİDİB) təsisçisi və sədri, Bakı Mühəndislik Universitetinin (BMU) “Memarlıq və şəhərsalma” kafedrasının müdiri, professor Sabir Orucov “Türk Dünyası İzləmə Mərkəzi” İctimai Birliyinin icra etdiyi "İqlim Liderləri Zirvəsi: Azərbaycan Yol Xəritəsi" adlı proqramı çərçivəsində 27 avqust 2024-cü il tarixində onlayn formatda təşkil edilmiş tədbirdə “Azərbaycanda İqlim Dəyişikliyinin Urbanizasiyaya Təsirləri” mövzusunda çıxış edib.
QHT.az xəbər verir ki, o, çıxışında iqlim dəyişikliklərinin yaranma səbəblərindən, onun fəsadları və urbanizasiyaya təsirləri, həmçinin həll yolları barədə fikirlərini bölüşüb. S.Orucov əlavə olaraq qeyd edib ki, 2024-cü ilin noyabrın 11-dən 24-dək ölkəmizin paytaxtı Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ciddi hazırlıq işləri görülür.
Tədbirdə iştirak edən MİDİB-in üzvü və BMU-nun müəllimi Namiq Abbasov Memarlıq və Şəhərsalmada mövcud olan problemlər, onların həlli istiqamətində aparılan işlərdən və icra olunan layihələr haqqında çıxış edib. MİDİB-in İcraçı direktoru Arif Nəcimov da çıxış edərək tədbir iştirakçılarına son illər təşkilatın icra etdiyi bir neçə layihədən, həmçinin Azərbaycan Milli QHT Forumun COP29 QHT Koalisiyasının təşkili barədə məlumat verib. A.Nəcimov əlavə edib ki, MİDİB öz tərəfdaşları və bütün maraqlı tərəflər ilə birlikdə “Türk Dünyası İzləmə Mərkəzi” İctimai Birliyinin də iştirakı ilə ortaq layihələr hazırlayıb icra etməyə hazırdır.
Tədbirin təşkilatçıları, yəni “Türk Dünyası İzləmə Mərkəzi” İctimai Birliyinin adından Mücahit Emre Batman da çıxış edən bütün iştirakçılara təşəkkürünü bildirib və MİDİB ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. O, əlavə olaraq bildirib ki, yaxın günlərdə ortaq layihə ideyalarının müzakirəsi və hazırlanması üçün ayrıca toplantı təşkil etməyə hazırlaşırlar. Tədbirdə “Türk Dünyası İzləmə Mərkəzi” İctimai Birliyinin idarə heyətinin üzvü və “ProPM Proje Yönetimi Mühendislik Danışmanlık Hizmetleri Sanayi Ltd.” şirkətinin rəhbəri xanım Gülşah Bakırlı da çıxış edib. G.Bakırlı Türkiyədə yaşıl binaların layihələndirilməsi, beynəlxalq sertifikatlaşdırma və konsaltinq, həmçinin sözügedən sahədə müxtəlif məzmunlu təlimlərin təşkilindən, icra etdikləri innovativ və uğurlu layihələrdən də tədbir iştirakçılarına ətraflı məlumat verib. O çıxışında əlavə edib ki, onların təşkilatı və şirkətləri Azərbaycanlı həmkarları ilə öz təcrübələrini hər zaman bölüşməyə hazırdırlar.
Tədbir iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.