Xəbərlər 14.09.2024 10:51 11602

İqlim siyasətində beynəlxalq əlaqələr və qlobal müqavilələr

Ölkəmizin BMT-nin illik tədbirləri içərisində ən böyüyü və mötəbəri olan İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının növbəti Tərəflər Konfransına ev sahibliyi etmək üçün seçilməsi Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsi, eyni zamanda beynəlxalq ictimaiyyətin Azərbaycanın siyasi rəhbərliyinə, potensialına, gücünə inamının göstəricisidir.

İqlim dəyişmələri bu gün dünyanı narahat edən ən mühüm qlobal problemdir və planetimizin üz-üzə qaldığı qlobal istiləşmənin qarşısı yalnız dünya dövlətlərinin həmrəyliyi nəticəsində alına bilər.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) Tərəflər Konfransı deməkdir. Tərəflər Konfransı İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir.

Kioto Protokolu 1997-ci ildə Yaponiyanın Kioto şəhərində imzalanmış və 2005-ci ildə qüvvəyə minmiş beynəlxalq müqavilədir. Bu protokol, iqlim dəyişmələrinə qarşı mübarizə məqsədilə qəbul edilən ilk beynəlxalq razılaşmalardan biridir və əsas məqsədi istixana qazlarının atmosferə buraxılmasını azaltmaqdır. Azərbaycan 2000-ci ildə Kioto Protokolunu imzalamış və 2005-ci ildə ratifikasiya etmişdir. Bu, ölkənin istixana qazlarının emissiyalarını azaltması və iqlim dəyişmələri ilə mübarizə üzrə beynəlxalq səylərə qoşulması deməkdir. Azərbaycan iqlim dəyişmələri ilə bağlı siyasətlərin hazırlanması və həyata keçirilməsi istiqamətində milli səviyyədə bir sıra tədbirlər görür. Bu tədbirlər arasında enerji səmərəliliyi, bərpaolunan enerji mənbələrinin inkişafı və ekoloji davamlılığın təşviqi sahəsində addımlar da yer alır.

 

2015-ci ildə Fransanın paytaxtı Parisdə dünya liderləri COP21 çərçivəsində razılaşma imzaladılar. Paris razılaşması qlobal temperatur artımını 2°C-dən çox aşağı səviyyədə məhdudlaşdırmağı, eyni zamanda onu 1,5°C-yə qədər məhdudlaşdırmaq üçün mövcud və mümkün səyləri davam etdirməyi hədəfləyir. Paris Sazişinə əsasən tərəflərdən 2020-ci ildən başlayaraq hər beş ildən bir yeni və ya yenilənmiş Milli Müəyyən edilmiş Töhfələr (Nationally Determined Contributions - NDCs) təqdim etmələri xahiş olunur. Ölkələr, həmçinin "əsrin ortalarında uzunmüddətli aşağı istixana qazı emissiyalarının inkişaf strategiyaları" (uzunmüddətli strategiyalar - LTS) ilə bağlı məlumat verməyə dəvət olunur. NDC və LTS vasitəsilə götürülmüş öhdəliklərdən başqa bəzi tərəflərin netto-sıfır emissiya hədəfləri də var. Məsələ qlobal olduğu üçün hər ölkə öz hədəflərini müəyyən etməlidir.

Paris razılaşması açıq şəkildə ifadə edir ki, biz iqlimlə bağlı fəaliyyət üçün ambisiyalarımızı daim artırmalıyıq. Ötən COP-da qərara alınan Qlobal "Stocktake" ölkələrə və digər maraqlı tərəflərə Paris Sazişinin məqsədlərinə nail olmaq üçün dünya dövlətlərinin kollektiv şəkildə irəliləməyinin bariz nümunəsi oldu. Tərəflər əldə etdikləri nailiyyətləri əks etdirmək və bölüşmək üçün mexanizmdən istifadə etməli, həm də ən yaxşı təcrübələri bölüşməli, nəticədə iddialı Milli Müəyyən Olunmuş Töhfələrə nail olmalıdırlar.

 

Dünya 1,5°C hədəfə köklənsə də, irəliləyişə mane olan məsələləri birgə konsensusa nail olmaqla dəf etməliyik. Qlobal məqsədlərə nail olmaq üçün beynəlxalq təşkilatlar, çoxtərəfli inkişaf bankları, özəl sektor və bütün digər maraqlı tərəflərlə əməkdaşlıq edərək beynəlxalq ictimaiyyətin bütün üzvlərini cəlb etməyi tələb edir. COP29 prinsiplərindən biri də elə bu yöndədir.

 

Ölkəmiz 1990-cı illə müqayisədə istixana qazı emissiyalarını 2030-cu ilə qədər 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaltmaqla bağlı milli hədəflər müəyyənləşdirib. Azərbaycanda "yaşıl enerji" istehsalının inkişaf perspektivləri regional və beynəlxalq əhəmiyyət daşıyan tədbirlərdə geniş müzakirə olunur. Məsələn, bu il martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə "yaşıl enerji" sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb. Cənub Qaz Dəhlizi "yaşıl enerji" sahəsində vacib əməkdaşlıq platforması kimi çıxış edir.

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1994-cü ildə qəbul etdiyi qətnaməyə əsasən sentyabrın 16-sı bütün dünyada Ozon Qatının Mühafizəsi Günü kimi qeyd edilir. Ozon qatı günəşdən yayılan təhlükəli ultrabənövşəyi şüaları filtrasiya edir və planet səthinin 10-16 kilometrlik hündürlüyündə yerləşir. 400 milyon ildən artıq mövcud olan bu qat son 100 ildə sənayenin inkişafı ilə əlaqədar külli miqdarda zərərli kimyəvi maddələrin atmosfer havasına buraxılması nəticəsində dağılmaq təhlükəsi qarşısında qalıb. Bu ekoloji problemin qarşısının alınması məqsədilə 1985-ci ildə BMT tərəfindən "Ozon qatının qorunmasına dair Vyana Konvensiyası" qəbul edilib və hazırda 200-ə yaxın ölkə tərəfindən bu konvensiyanın tələblərinin yerinə yetirilməsi məqsədilə öhdəliklər götürülüb.

 

Azərbaycan "Ozon qatının qorunması haqqında Vyana konvensiyası"na, "Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu"na və bu protokola edilmiş düzəlişlərə dair sazişə 1996-cı ildən qoşulub. Ölkəmiz bu beynəlxalq müqavilələrə qoşulmaqla qlobal ekoloji problem olan ozon qatının qorunması üçün üzərinə öhdəliklər götürüb.

 

Həmçinin, regionda ekoloji problemlərin ictimai monitorinqinə üstünlük verilməlidir. 2014-cü ildə qüvvəyə minən Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Su Axarlarının Qeyri-Naviqasiya İstifadəsi Hüququ haqqında Konvensiyası - Transsərhəd Çaylar Konvensiyasının tələbləri Ermənistan hökuməti tərəfindən kobud şəkildə pozulur. Konvensiyanın məqsədi transsərhəd su axarlarından ədalətli və davamlı istifadəni təmin etməkdir. Bu Konvensiya su ehtiyatlarının sosial, iqtisadi və ekoloji inkişaf üçün risk yaratdığı təqdirdə, təsirə məruz qala biləcək icmalarla yaxından işləməyi, onların rəyini nəzərdə tutur. Lakin Ermənistan hökuməti regionun şirin su ehtiyatına təsir göstərə biləcək dağ-mədən sənayesinin təşkilində qonşu kəndlərdə yaşayan gürcü, azərbaycanlı və o cümlədən ermənilərin bu günədək rəylərini, fikirlərini nəzərə almayıb və onları ətraf mühitin qiymətləndirilməsi prosesinə cəlb etməyib.

Ermənistan hökuməti mədənlərin istismarı ilə həm də Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə BMT-nin Avropa İqtisadi Komissiyası Konvensiyasında (Espoo Konvensiyası 1991) ifadə edilənlərə açıq şəkildə məhəl qoymur. Espoo Konvensiyası ekoloji məsələlərin milli sərhədləri aşdığını ifadə edir və ekoloji məsələlərin transsərhəd xarakteri daşıdığı halda, beynəlxalq danışıqların zəruriliyini vurğulayır.

 

1999-cu ildə qəbul edilmiş Orhus Konvensiyası ətraf mühitlə bağlı məsələlərdə məlumat əldə etmək, ictimaiyyətin iştirakını və ədaləti təmin etməkdə mühüm rol oynayır. Bu konvensiyanı imzalayan ölkə kimi Ermənistan təsirə məruz qalmış region əhalisinin mədən hasilatı fəaliyyətləri, qərarların qəbulu proseslərində iştirakı və ətraf mühitə dəyən zərərin aradan qaldırılması yolları ilə bağlı məlumatlara çıxışını təmin etməklə öz öhdəliklərini yerinə yetirməlidir.

 

Xəzərə daxil olan tullantı sularının 60 faizi Volqa çayının payına düşür. Xəzər suyunun çirklənməsində Kür və Ural çayları da az rol oynamır. Ermənistan və Gürcüstan ərazisində formalaşan kommunal və sənaye tullantı suları Kür çayı vasitəsilə Xəzərə daxil olur. Xəzər dənizi Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan tərəfindən bölüşdürüldüyü üçün bu ölkələr arasında koordinasiya və birgə tədbirlər mühüm əhəmiyyət kəsb edir. Ekoloji monitorinq proqramlarının həyata keçirilməsi və birgə çirklənmənin azaldılması kimi öhdəliklərin yerinə yetirilməsi vacibdir.

 

Pərvanə VƏLİYEVA,

COP29 Təşkilat Komitəsinin üzvü,

"Sağlamlığa Xidmət" İctimai Birliyinin icraçı direktoru


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı