Azərbaycanın Milli Qəhrəmanı - şəhid polkovnik Şikar Şikarovun doğum günüdür
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin birinci müavini olan polkovnik Şikar Şikarov 3 dekabr 1953-cü ildə Bakı şəhərində anadan olub.
QHT.az xəbər verir ki, o, 1971-1975-ci illərdə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində təhsil alıb. 1986-cı ildə Moskvada Frunze adına Hərbi Akademiyayadaxil olub. 1989-cu ildə akademiyanı bitirərək polkovnik-leytenant rütbəsi ilə Ukraynanın Luqansk şəhərində yerləşən hərbi hissələrdən birinə qərargah rəisi təyin olunub. O, həmçinin Almaniyada təkmilləşdirmə kursu keçib. 1990-cı il 20 yanvar hadisələrindən sonra vətənə qayıdaraq, əvvəl Mülki Müdafiə Baş Qərargahında əməliyyat şöbəsinin rəisi, 1992-ci ildə isə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini təyin edilib. Şikar Şikarov 1992-ci ildə Goranboy rayonuna gələrək işğal olunmuş ərazilərin erməni silahlılarından azad olunması əməliyyatını hazırlayıb. Rayonun bir sıra kəndləri düşməndən azad olunub. Növbəti dəfə Ağdərədə keçirilən uğurlu əməliyyat nəticəsində düşmənin xeyli sayda hərbi texnikası, canlı qüvvəsi məhv edilib və Tərtər rayonunun top və raket atəşinə tutulmasına son qoyulub.
1992-ci il iyunun 13-də Ağdərədə vəziyyət yenidən gərginləşib. Ermənilər böyük qüvvə ilə hücuma başlayıblar. Şikar qısa zamanda əməliyyat planı hazırlayaraq batalyonu ayağa qaldırıb hücum əmri verib. Yaranmış gərgin vəziyyətdən sonra ermənilər geri çəkilməyə məcbur olublar, lakin Şikar Şikarov özü buradakı döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 23 iyun tarixli Fərmanı ilə Şikarov Şikar Şükür oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Ruhu şad olsun!