Xəbərlər 05.12.2024 17:10 231

Zenfira Mustafayeva: "Könüllülərimiz ölkəmizə faydalı gənclər kimi yetişir"

5 dekabr - Beynəlxalq Könüllülər Günü ilə bağlı açıqlama verən Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva könüllülüyün cəmiyyət və təşkilatlar üçün əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, könüllülər, əsasən gənclərdən ibarət olmaqla, müxtəlif təşkilatlarda təcrübə toplayır, bilik və bacarıqlarını artırır, sonradan isə həmin sahələrdə peşəkar mütəxəssislər kimi fəaliyyət göstərirlər.

Zenfira Mustafayeva bildirib:

"Beynəlxalq Könüllülər Günü istər təşkilatımız üçün, istərsə də ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Könüllülər gənclərimizdir, onlar müxtəlif təşkilatlarda təcrübə toplayır, ərizə yazmağı, məhkəmələrə müraciət etməyi öyrənir və bu sahələrdə peşəkarlaşırlar. Bu gün könüllülərimizin çoxu hüquq, psixologiya, sosial iş kimi sahələrdə fəaliyyət göstərir, hətta xaricdə çalışanlar da var."

O, təşkilatlarında könüllülərin müxtəlif layihələrdə iştirak etdiyini və bu işlərin onların peşəkar inkişafına böyük təsir göstərdiyini vurğulayıb. Həmçinin hüquqşünas, psixoloq və sosial işçi kimi yetişən könüllülərin artıq müxtəlif qurumlarda uğurlu fəaliyyət göstərdiklərini qeyd edib:

"Bizim könüllülərimiz müxtəlif sahələrdə təcrübə qazanır və sonradan ölkəmizə faydalı mütəxəssislər kimi yetişirlər. Məsələn, hüquq sahəsində təcrübə toplamış könüllülərimiz indi vəkillik fəaliyyətində tanınırlar."

Zenfira Mustafayeva əlavə edib ki, gənclər evi və mədəniyyət sahəsində də könüllülər fəal iştirak edir. Onlar üçün müxtəlif mövzularda təlimlər və seminarlar təşkil edilir, bu da gənclərin daha bilikli və təcrübəli olmasına kömək edir. O, qeyd edib ki, insan alveri, məişət zorakılığı və digər sosial mövzularda keçirilən təlimlər könüllülərin şəxsi inkişafında mühüm rol oynayır.

Nitqinin sonunda Zenfira Mustafayeva könüllüləri təbrik edib və onların sayının artmasını arzulayıb:

"Könüllülərimiz çox istəyərdim ki, daha çox olsun və təcrübə qazandıqdan sonra ölkəmizə faydalı gənclər kimi yetişsinlər."

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı