Xəbərlər 05.12.2024 17:40 154

Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin 2 saylı Analitik Bülleteni

 Bölgədə elektrik enerjisi generasiyasının şaxələndirilməsi istiqamətləri

Qloballaşma institutları əsasında investisiya fəaliyyətinin daha da səmərəli formalaşdırılmasının mümkünsüzlüyünü nəzərə alaraq, regional iqtisadi inteqrasiyanın aktuallığı durmadan artır. Qlobal əmək bölgüsü sisteminin deqradasiyası və ənənəvi nəqliyyat və logistika arteriyalarının dağıdılması region ölkələrinin regional istehsal klasterlərinin yaradılması və makro bazarın formalaşdırılması üçün aktuallığı səciyyələndirir. Eyni zamanda, iqtisadiyyatda regional inteqrasiya gündəliyinin inkişafını sürətləndirmək üçün drayverlərə ehtiyac var. Hesab edirəm ki, açıq drayverlərdən biri enerji olmalıdır.

 İqtisadi inkişafın özəyini təşkil edən enerji dünya iqtisadiyyatında texnoloji strukturların dəyişməsi şəraitində texnoloji prioritetlərdən birinə çevrilir. Eyni zamanda, enerji siyasətini sinxronizasiya etmədən əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi və iqtisadi siyasətin sinxronlaşdırılması mümkün deyil. Aydındır ki, yüksək texnologiyalı emal sənayesinin inkişafı müvafiq əlçatan enerji bazası tələb edir. Vurğulamaq lazımdır ki, resurs bazası, əlavə potensialdan istifadə və pul kütləsinin artırılması imkanları regionumuzun ciddi davamlı rəqabət üstünlüklərindən xəbər verir.

Dünya təsərrüfat sistemini müxtəlif istiqamətlər üzrə geniş və uzunmüddətli bir transformasiya yaşamaqdadır. Bu transformasiya həm də enerji təhlükəsizliyi məsələləri ilə sıx bağlıdır. Belə ki, bu gün ənənəvi enerji daşıyıcıları ilə paralel olaraq təmiz elektrik enerjisinin də ön planda olduğunu görməkdəyik. Xüsusən də Rusiya-Ukrayna münaqişəsindən sonra Avropanın enerji bazarında baş verən dəyişikliklər təmiz elektrik enerjisinə marağı artırmışdır. Digər tərəfdən isə təmiz enerji proseslərinin ön plana çıxması orta müddətli dövrdə ənənəvi enerji daşıyıcılarının satışı zamanı gəlirliyinin azala biləcəyi proqnozu ilə bağlıdır. Bütün bu amillər alternativ və təmiz elektrik enerjisinin inkişafı üçün zəmin yaratmaqdadır.

Bu istiqamətdə proseslərin inkişaf etməsi çərçivəsində Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri açar rolunu oynaya biləcək potensiala malikdirlər. Misal olaraq Azərbaycanın son illər ərzində alternativ enerji generasiyası ilə bağlı həyata keçirdiyi layihələr ölkənin Avropa bazarları üçün təmiz elektrik enerjisi üzrə yeni partnyoruna çevrilməsinə böyük dəstək verə bilər. Xüsusən də işğaldan azad edilmiş ərazilərdə mövcud olan yüksək alternativ enerji potensialı bu istiqamətdə olduqca önəmlidir. Belə ki, yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində çoxsaylı yeni su elektrik stansiyasının tikintisi ilə bağlı layihələrin işlənib hazırlanması planlaşdırılır ki, bu da öz növbəsində Azərbaycanın təmiz enerji ixracı ilə bağlı potensialını dəfələrlə artıra bilər.

Bütün bu proseslərin məntiqi nəticəsi olaraq 17 dekabr 2022-ci ildə Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması artıq Cənubi Qafqaz ölkələrinin bu prosesdə aktiv iştirakını göstərməkdədir. Sazişə əsasən Azərbaycanda bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin Gürcüstan üzərindən Rumıniya və Macarıstana və bu ölkələr vasitəsilə Avropanın digər ölkələrinə Qara dəniz sualtı elektrik xətti ilə ötürülməsi nəzərdə tutulmuşdur. Proseslərin gələcəkdə daha da dayanıqlı inkişaf edəcəyi qaçılmazdır. Belə olan halda müasir “Əsrin müqaviləsi”nin reallaşmasının şahidi ola bilərik.

Eyni zamanda növbəti illərdə Mərkəzi Asiya ölkələrinin və İranın da prosesə qoşulmasını görə bilərik ki, bu da region ölkələrindən Avropa bazarlarına təmiz elektrik enerjisi ixracının həcminin artması deməkdir. Digər tərəfdən burada önəmli olan məsələ gələcək illərdə Rusiya və Türkiyənin proseslərə qoşulması ilə bağlı gözləntilərdir.

Belə ki, Rusiya və Türkiyə təmiz elektrik enerjisinin emal edilməsi prosesində formalaşacaq texniki infrastrukturun inkişafı istiqamətində önəmli rol oynaya bilərlər ki, bu da öz növbəsində regionun digər ölkələrinin proseslərə aktiv şəkildə cəlb olunmasını səciyyələndirir. Nəticə etibarilə Mərkəzi Asiya ölkələrindən və İrandan əldə olunacaq alternativ enerjinin Türkiyə və Rusiyada emal edilərək təmiz elektrik enerjisinə çevrilməsi daha sonra isə Azərbaycan və Gürcüstan vasitəsilə Avropa bazarlarına ixrac edilməsi faktiki olaraq region ölkələrinin hər birinin sözügedən prosesdə iştirakını təmin edir.

Belə olan halda faktiki olaraq region ölkələri satışın hər bir həlqəsini özləri reallaşdırdıqları üçün bu proses regional iqtisadi əməkdaşlığı daha da dərinləşdirəcəkdir. Məhz dəyişən dünya nizamı çərçivəsində region ölkələrinin enegetika sahəsində iqtisadi əməkdaşlığının dərinləşməsi Cənubi Qafqaz və Mərkəzi Asiyanın dünya iqtisadiyyatının gələcək konyukturasının formalaşmasında ciddi rol oynayacağını deməyə bizə imkan verir.

Növbəti illərdə sözügedən istiqamətlər üzrə genişmiqyaslı regional layihələrin reallaşdırılması məqsədilə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında investisiya və inkişaf bankları da yarana bilər. Zənnimcə bu banklar təmiz elektrik enerjisinin istehsalı ilə bağlı müştərək layihələri maliyyə vəsaiti ilə təmin edə bilər.

Təbii ki, təmiz elektrik enerjisinin istehsalı və ixracında faktiki olaraq bütün region ölkələri iştirak edəcəyi üçün bu enerjinin bazar dəyərini də məhz region ölkələri özləri tənzimləyəcəkdirlər. Belə olan halda isə regional birjaların yaranması prosesi zəruriləşir. Digər tərəfdən isə region ölkələri təmiz elektrik enerji istehsalının bütün həlqələrini özləri yerinə yetirən zaman məhz milli valyutalardan da istifadə edə bilərlər ki, bu da eyni zamanda dedollarizasiya prosesi üçün zəmin yaratmaqdadır.

Nəticə etibarilə deyə bilərik ki, bu gün dünya təsərrüfat sistemi ciddi transformasiya dönəmi yaşamaqdadır. Bu transformasiya çərçivəsində ənənəvi enerji sektorunun qeyri-səmərəli olması eyni zamanda formalaşan yeni çağırışlar təmiz elektrik enerjisinin ixracı üçün olduqca önəmlidir. Bu istiqamət üzrə yüksək potensiala malik olan Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin regional iqtisadi əməkdaşlığının dərinləşməsi nəticəsində yüksək əlavə dəyər tutumlu təmiz elektrik enerjisinin Avropa bazarlarına ixrac edilməsi region ölkələrinin dünya iqtisadiyyatındakı strateji rolunu daha da gücləndirəcəkdir. Xüsusəndə istehsalın bütün mərhələlərinin region ölkələri tərəfindən reallaşdırılması sözügedən ölkələrin sosial-iqtisadi inkişafına da müsbət təsirini göstərəcəkdir.

 

 

Azərbaycan Texniki Universitetinin

İnnovativ İqtisadi Araşdırmalar

Mərkəzinin   Rəhbəri,

 i.e.d., professor Elşad Məmmədov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı