Xəbərlər 06.12.2024 08:37 368

"Ümidli Gələcək" Gənclər İctimai Birliyi: Könüllülükdən peşəkarlığa gedən yol / AÇIQLAMA

“Ümidli Gələcək” Gənclər İctimai Birliyinin sədri və Yuvenal Ədliyyə Mərkəzinin koordinatoru Kəmalə Aşumova QHT.az-a özəl açıqlamasında təşkilatın yaranma tarixi, fəaliyyəti və əsas məqsədləri barədə geniş məlumat verib. O bildirib ki, 1999-cu ildə qurulan təşkilat ilk gündən könüllülük prinsipi əsasında fəaliyyət göstərib və cəmiyyətin müxtəlif sahələrinə mühüm töhfələr verib:

"Biz fəaliyyətimizə heç bir layihə olmadan, tamamilə öz qüvvələrimiz və təşəbbüskarlığımızla başladıq. İlk vaxtlar təşkilatımız Tibb Universitetinin tələbələrindən ibarət idi və həmin dövrdə internat müəssisələrində uşaqlarla görüşlər, maarifləndirici tədbirlər və dərnəklər təşkil edirdik. Məcburi köçkün və qaçqınlarla bağlı fəaliyyətlərdə də könüllülərimiz böyük töhfələr verirdilər. Bu tədbirlər sayəsində uşaqların və ailələrin sosial, psixoloji və hüquqi dəstəklə təmin edilməsi əsas prioritetimiz olmuşdur."

Kəmalə Aşumova təşkilatın könüllülük fəlsəfəsinin cəmiyyətdəki təsirlərinə də toxunub. O, qeyd edib ki, könüllülük fəaliyyəti həm gənclərin bilik və bacarıqlarını inkişaf etdirməsinə, həm də onların praktiki təcrübə qazanmalarına şərait yaradır:

"Biz əsasən sosial iş, psixologiya, pedaqogika və hüquq sahəsində təhsil alan gəncləri təşkilata cəlb edirik. Onlar təşkilatda həm öz ixtisaslarını daha dərindən öyrənir, həm də gələcəkdə peşəkar fəaliyyətləri üçün əhəmiyyətli təcrübə qazanırlar. Könüllülərimiz yalnız fərdi inkişaf etməklə kifayətlənmir, həm də cəmiyyətə böyük töhfələr verirlər. Bu könüllülük həm onların şəxsi inkişafını təmin edir, həm də cəmiyyətin ehtiyaclarını qarşılayır."

Təşkilat sədri bildirib ki, könüllülərin fəaliyyəti təkcə fərdi inkişafla məhdudlaşmır. Onlar təşkilat çərçivəsində müxtəlif sosial layihələr həyata keçirir, ehtiyaclı ailələrə sosial və psixoloji dəstək göstərir, həmçinin hüquqi məsləhətlər təqdim edirlər:

"Bizim könüllülər məktəblərdə və təhsil ocaqlarında gənclərlə görüşlər keçirir, müxtəlif dərnəklər təşkil edir və qaynar xətt xidmətində çalışırlar. Bununla yanaşı, könüllülərin öz biliklərini tətbiq edə bilməsi üçün praktiki şərait yaradırıq. Təşkilatımızın nəzdində elanlar mütəmadi olaraq yayımlanır və bu fəaliyyətlərdə iştirak etmək istəyən gəncləri daima dəstəkləyirik."

Kəmalə Aşumova təşkilatda könüllü fəaliyyət göstərən gənclərin gələcək karyera imkanları barədə də məlumat verib:

"Bir çox könüllümüz altı ay və ya bir il fəaliyyət göstərdikdən sonra təşkilatımızda rəsmi işə dəvət olunur. Onlar burada öz ixtisaslarını inkişaf etdirərək həm peşəkar, həm də şəxsi uğur qazanırlar. Bu, yalnız onların gələcəyinə deyil, həm də cəmiyyətə böyük töhfə verir."

QHT sədri vurğulayıb ki, “Ümidli Gələcək” təşkilatı gənclərin bilik və bacarıqlarını artırmaqla yanaşı, sosial problemlərin həllinə də mühüm töhfələr verir. Könüllülük fəaliyyəti sayəsində təşkilat gəncləri həm cəmiyyətə fayda verən fəaliyyətlərə cəlb edir, həm də onların gələcəkdə peşəkar karyera yolunda inamlı addımlar atmasına şərait yaradır.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı