Aprel şəhidimiz Dilsuz Qarayevin doğum günüdür
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Dilsuz Qarayev 23 dekabr 1990-cı ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olub.
QHT.az xəbər verir ki, orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb və 6 aylıq kursu tamamladıqdan sonra XTQ tərkibində "gizir" kimi xidmət etməyə başlayıb. Paytaxtda xidmət edən Dilsuz Qarayev ön xəttdə xidmət etmək üçün komandanlığa müraciət edib və ön xəttdə yerləşən "N" saylı hərbi hissələrdən birinə göndərilib. O, 2016-cı ilin Aprel döyüşləri zamanı 3 aprel tarixində Talış kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Dilsuz Qarayev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.
Ruhu şad olsun!