"Vərəm xəstələrinin sosial müdafiəsi gücləndirilməlidir" – Çingiz Ramazanlı
Fevralın 11-i Ümumdünya Xəstələr Günü münasibətilə "Vərəmsiz Gələcəyə Doğru" İctimai Birliyinin sədri Çingiz Ramazanlı QHT.az-a açıqlama verib. O, bu günün xəstələrin cəmiyyət tərəfindən daha çox dəyərləndirilməsi və sosial-psixoloji dəstəyin artırılmasını təşviq etdiyini bildirib.
Çingiz Ramazanlı vurğulayıb ki, xəstələr fiziki və psixoloji baxımdan cəmiyyətdə bəzən təcrid olunurlar və özlərini yalqız hiss edirlər. "Bu günün qeyd edilməsi onların əzmkarlığını və həyat enerjisini artırmaq üçün mühüm bir vasitədir. Xəstələrə göstərilən diqqət, onların müalicə prosesinə daha müsbət təsir göstərə bilər," – deyə o qeyd edib.
O, xəstəliklərə qarşı sosial həssaslığın artırılmasının və müalicə prosesində dəstəyin vacibliyini vurğulayaraq bildirib ki, vərəm xəstəliyi kimi ciddi infeksion xəstəliklərdən əziyyət çəkənlər cəmiyyətdə müxtəlif stiqmalarla qarşılaşırlar. Onların sosial müdafiəsinin və reabilitasiyasının gücləndirilməsinin əhəmiyyətinə toxunan Çingiz Ramazanlı, Azərbaycanda vərəm xəstəliyi ilə mübarizə sahəsində daha effektli sosial müdafiə və reabilitasiya sisteminin qurulmasının vacib olduğunu qeyd edib.
"Bu sahədə hüquqi dəyişikliklər həyata keçirilməlidir. Vərəm xəstələrinin hüquqlarının qorunması və onların müalicə müddətində iş və sosial həyatlarında qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün xüsusi proqramlar hazırlanmalıdır," – deyə Çingiz Ramazanlı bildirib.
O, dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında daha sıx əməkdaşlığın zəruriliyini vurğulayaraq qeyd edib ki, belə əməkdaşlıqlar resursların daha düzgün istifadəsinə və xəstəliyin cəmiyyət tərəfindən daha geniş anlaşılmasına töhfə verəcək. Sonda Çingiz Ramazanlı vərəm xəstələrinin cəmiyyətə inteqrasiyasının sürətləndirilməsi üçün maarifləndirmə kampaniyalarının artırılmasının, tibbi resursların gücləndirilməsinin və peşəkar dəstək qruplarının formalaşdırılmasının vacibliyini qeyd edib. "Vərəm xəstələrinə qarşı göstərilən diqqət və hörmət, ölkədə sağlam cəmiyyətin formalaşmasına böyük töhfə verəcəkdir," – deyə o fikrini tamamlayıb.
Pərvanə Fərhadqızı
QHT.az