Xəbərlər 11.02.2025 20:53 211

Dəyanət Osmanlı: "Bəzi yazarlar yerli və xarici ədəbiyyatdan plagiatlığa yol verirlər."

"Türk Dünyası İnfo" İctimai Birliyinin sədri Dəyanət Osmanlı QHT.az-a açıqlamasında müasir dövrdə ədəbiyyat sahəsində yaranan problemlərə toxunub. O, sosial şəbəkələrdə, elektron media və qəzetlərdə ədəbiyyata aid olmayan, milli-mənəvi dəyərlərdən uzaq yazıların ədəbiyyat adı ilə təqdim olunmasını tənqid edib.

Dəyanət Osmanlı vurğulayıb ki, bu cür halların geniş yayılması gənclərin ədəbiyyat haqqında təsəvvürlərini yanlış istiqamətə yönəldir:

"Sosial şəbəkələrin güclü təbliğat imkanları səbəbindən ədəbiyyat sferasında regionçuluq, qrupçuluq və kosmopolitizm kimi yad təsirlər kütləvi hal alıb. Bu isə dövlət qurumlarının ədəbiyyata və ümumilikdə yaradıcılıq sahələrinə münasibətində qeyri-obyektiv dəyərləndirmələrə səbəb olur."

O, həmçinin bəzi yazıçıların məşhurlaşmaq üçün xarici müəlliflərin fikirlərini böyük bir nümunə, atalar sözləri və hikmətli kəlamlar kimi təqdim etdiyini, öz ədəbi-mədəni irsimizə laqeyd münasibət sərgilədiklərini qeyd edib. Dəyanət Osmanlının sözlərinə görə, bəzi müəlliflər bəhrələndikləri, mənimsədikləri fikirlər hesabına intellektual və istedad səviyyələrini təbliğ edərək özlərini önə çıxarmağa çalışırlar.

"Öz fərqli yolu olsa belə, ömründə milli dəyərlərimizə cavab verən bir sərbəst poetik mətn, gözəl bir qoşma, bir gəraylı, bir bayatı yaza bilməyən şairin milli təfəkkürə aidiyyəti ola bilməz. Görünür, bizim yazarlar hələ ki, öz milli irsinin gücünü tam dərk etməyiblər. Amma həqiqət budur ki, dünya mədəniyyətinin əsas təməllərindən biri də türk xalqlarının böyük tarixi yaradıcılıq nümunələridir." – deyə Dəyanət Osmanlı əlavə edib.

O, eyni zamanda, bəzi yazarların yerli və xarici ədəbiyyatdan plagiat etdiyini, sosial mediada bu kimi hallar üçün geniş imkanların olduğunu bildirib. Onun fikrincə, bu gün müxtəlif plagiat yazılar sosial şəbəkələrdə geniş yayılmaqdadır və müəllif hüquqlarının qorunmasına heç bir etibarlı təminat yoxdur. Dəyanət Osmanlı müasir cəmiyyətdə ədəbiyyat və milli-mənəvi, ədəbi dəyərlərin getdikcə ikinci plana keçdiyini vurğulayıb:

"Bu gün fikir etibarilə getdikcə virtuallaşan toplumun böyük bir qismini nə ədəbiyyat, nə dəyərlər, nə də yazıçının taleyi maraqlandırır. Aşındırıcı amillər daha cazibədardır. Ədəbiyyatın ədəbi-mədəni dəyərlər baxımından inkişaf etməsi hər zaman ön planda olmalıdır. Bunu yazıçının öz kimliyi, təfəkkürü müəyyənləşdirməlidir."

 

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı