Xəbərlər 23.04.2025 09:00 160

4.5 milyard illik evimizi necə qoruyuruq? QHT sədrindən AÇIQLAMA

QHT.az-a açıqlama verən “Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım” İctimai Birliyinin sədri İradə Həsənova 22 Aprel – Beynəlxalq Yer Günü münasibətilə bu əlamətdar günün tarixi və ekoloji əhəmiyyəti barədə geniş məlumat verib.

O bildirib ki, Yer Gününün keçirilmə ənənələri XIX əsrin ortalarına, daha dəqiq desək, 1840-cı illərə təsadüf edir. İlk dəfə ABŞ-ın Nebraska ştatında Corc Morton tərəfindən irəli sürülən bu təşəbbüs 1882-ci ildə "Ağac Günü" kimi qeyd olunmağa başlanıb. Lakin 1970-ci ildən etibarən ətraf mühitin çirklənməsinə və təbiətin qorunmasına diqqəti artırmaq məqsədilə bu günün adı dəyişdirilərək "Yer Günü" adlandırılıb. Eyni ildə amerikalı senator Qaylord Nelsonun təşəbbüsü ilə keçirilən ilk tədbir 20 milyona yaxın insanı bir araya gətirmiş, nəticədə ABŞ-da bir sıra ekoloji qanunların qəbuluna təkan vermişdir.

İradə Həsənovanın sözlərinə görə, 1990-cı ildən etibarən Yer Günü qlobal səviyyədə qeyd olunmağa başlayıb və artıq 190-dan çox ölkədə milyonlarla insan bu kampaniyaya qoşulur:

"22 aprel 2009-cu ildə isə BMT-nin Baş Assambleyasının qərarı ilə bu tarix rəsmi olaraq Beynəlxalq Yer Günü kimi təsis edilib. Yer kürəsi bizim evimizdir və biz bu evimizi qorumalıyıq. Təbiət insanlara yaşamaq üçün hər şeyi verir, insanlar isə ona sahib çıxmalı və qorumağı öyrənməlidir.

Maraqlı faktlar:

  • Yer kürəsinin yaşı təxminən 4.5 milyard ildir.

  • Planetimizin səthinin 71%-i su ilə örtülüb, lakin bu suyun yalnız 3%-i şirindir və onun çox az hissəsi içməyə yararlıdır.

  • Yer kürəsi saniyədə 30 km sürətlə Günəş ətrafında hərəkət edir və bu, ildə təqribən 940 milyon kilometr deməkdir.

  • Yer planetində təxminən 8.7 milyon növ canlı olduğu təxmin edilir.

  • Yer kürəsinin nüvəsində temperatur 6000°C-yə qədər çata bilər – bu, Günəşin səthi temperaturuna bərabərdir.

  • Hər il dünyada 13 milyard ağac kəsilir, bu isə təbiətin balansına ciddi zərbə vurur. Ekoloji tarazlığın bərpası üçün milyonlarla ağacın əkilməsi vacibdir".

İctimai birlik sədri hər kəsi bu əlamətdar gündə təbiəti qorumağa, ətraf mühitə həssas yanaşmağa və ekoloji təşəbbüslərdə fəal iştirak etməyə çağırıb.

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı