QHT sədri: “Alim Qasımov haqqında söylənilənlər etik sərhədləri aşır”
“İz Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin” sədri Fəridə Mirişova son günlər əfsanəvi müğənni Alim Qasımov haqqında yayılan tənqidlərlə bağlı fikirlərini bildirib.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, sənətkarın tənqid edilməsinin yalnız fikir sərbəstliyi olmadığını, həm də etik sərhədləri aşan və sənət haqqında kobud ümumiləşdirmə olduğunu qeyd edib:
"Alim Qasımov nəinki Azərbaycanın, dünyanın tanıdığı və hörmətlə yanaşdığı böyük sənətkardır. O, ruhla oxuyan, daxilindən gəlmədən səhnəyə çıxmayan bir ustaddır. Mən onun tələbəsi olmuşam. Bilirəm ki, Alim müəllim səhnəyə ancaq ilhamla, təsirlə, içindən gəldiyi kimi çıxar. Pul üçün deyil, qəlbindən gəldiyi üçün oxuyar. Bura toydur – Alim Qasımov məclisin ab-havasını hiss edib, ona uyğun improvizasiya edib . Dərslərimizdə də bu cür eksperimentlər edərdi – bəzən onu diqqətini çəkən bir misra şeiri bir anda musiqiyə çevirərdi, xoşuna gələn bir ritmdən, bi iprovizədən ilhamlanaraq bizə mini konsert izləmək kimi zövq yaşadardı. Bu ustalıqdır".
Fəridə Mirişova, Alim Qasımovun sənətinə qarşı göstərilən hörmətsizliyin yalnız ona deyil, bütün Azərbaycan musiqisinə qarşı bir haqsızlıq olduğunu bildirib:
"Alim Qasımovun səhnədə improvizə etdiyi hər an, hər səs tonu, hər nəfəsi milli kimliyimizin, musiqi mirasımızın bir parçasıdır. Bu sənəti anlamamaq olar, amma aşağılamaq olmaz. Ən acınacaqlısı odur ki, bəziləri öz intellektual mövqelərini gücləndirmək üçün sənətkarı alçaltmağı yol seçir. Halbuki sənətkarı başa düşmək üçün onun ruhuna yaxınlaşmaq gərəkdir. Bugün biz Alim Qasımov kimi sənətkarlarla fəxr etməliyik. Onu “manıs”larla eyniləşdirmək təkcə qərəz deyil, həm də mədəni yaddaşımıza qarşı haqsızlıqdır."
Pərvanə Fərhadqızı