Xəbərlər 30.04.2025 18:27 222

"Texnologiyanın gücü böyükdür, amma onun əxlaqı yoxdur, biz formalaşdırmalıyıq" – Əliməmməd Nuriyev

Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış sərəncamla 2025–2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyası təsdiq edilib.

Bu mühüm sənədin icrasını effektiv izləmək və koordinasiya etmək məqsədilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi qarşısında növbəti 6 ay ərzində Layihə İdarəetməsi və Hesabatlılıq Modulunun yaradılması tapşırılıb. Məsələ ilə bağlı “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin fikirlərini öyrəndik. O, QHT.az-a açıqlamasında bildirib ki, süni intellekt sahəsi təkcə texnoloji deyil, eyni zamanda sosial, hüquqi və etik çağırışlarla müşayiət olunan mürəkkəb bir sahədir:

"Ən böyük çətinlik, məncə, texnologiyanın insan üzərində deyil, insanın insan üçün işləməsini təmin etməkdir. Süni intellekt layihələri çox sürətlə inkişaf edir, amma biz bəzən onlara sosial və hüquqi baxımdan hazır olmuruq. Məsələn, bu sistemlər hansı qərarları necə verir? İnsanlar bunu başa düşə bilirmi? Şəffaflıq problemi var. Daha sonra hüquqi məsuliyyət məsələsi ortaya çıxır. Əgər alqoritm səhv edərsə və bu qərar vətəndaşa ziyan vurarsa, kim cavab verəcək? Məsuliyyət kimdə olacaq? Bu, ciddi bir sualdır. Strategiyada bu məsələlərlə bağlı hər hansı mexanizmlər nəzərdə tutulub."

Əliməmməd Nuriyev qeyd edir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yaxın 6 ayda xüsusi bir modul – layihə idarəetməsi və hesabatlılıq modulu yaratmalıdır, bu modul layihələrin necə icra olunduğunu, hansı mərhələdə olduğunu, nə qədər resurs ayrıldığını, nəticələrin nə olduğunu bir sistemə toplayacaq:

"Sadə dildə desək, hər şey izləniləcək, ölçüləcək, hesabat veriləcək və bu hesabatlar həm dövlətə, həm də ictimaiyyətə açıq olacaq. İctimaiyyətin rolu da, əlbəttə, nəzərdə tutulur. Mən şəxsən hesab edirəm ki, texnologiyaya inam ictimai nəzarətlə başlayır. Bu modula vətəndaşların da rəy verməsi, təklif göndərməsi, hətta müəyyən hallarda risklər barədə xəbərdarlıq etməsi mümkün olacaq. Eləcə də alternativ monitorinqlərin həyata keçirilməsi nəzərdə tutulur. İnsanlar sistemin içində olmalıdır, əks halda bu sistem bizdən uzaq düşər. Biz texnologiyanı nə qədər insaniləşdirsək, ona olan güvən bir o qədər artar".

Ardı var...

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı