İctimai Şura üzvləri PA rəsmisi ilə görüşdən danışdılar - AÇIQLAMALAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə Prezident Administrasiyası nümayəndəsinin görüşü: Fəal müzakirələr, yeni təkliflər və gələcək hədəflər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İctimai Şuranın yeni tərkibi ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyevin iştirakı ilə görüş keçirilib. Görüşdə həmçinin Nazirliyin Aparat rəhbəri Fuad Musayev də iştirak edib.
Tədbirdə ictimai iştirakçılığın genişləndirilməsi, sosial siyasətin həyata keçirilməsində vətəndaş cəmiyyəti institutlarının rolu, İctimai Şuranın fəaliyyətinin təkmilləşdirilməsi və vətəndaşlarla birbaşa kommunikasiyanın gücləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb. QHT.az olaraq görüş iştirakçılarından bir neçəsinin fikirlərini təqdim edirik.
Elşad Məmmədov: “Bu cür görüşlər İctimai Şuranın fəaliyyətinə müsbət təsir göstərir”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov bildirib ki, bu cür görüşlər ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi baxımından mühüm rol oynayır:
“Görüş çox konstruktiv və məzmunlu şəraitdə keçdi. İctimai Şura üzvlərinin qaldırdığı məsələlərə müvafiq reaksiyaların verilməsi üçün qeydlərin aparıldığını müşahidə etdik. Elə suallar var idi ki, həmin suallar ətrafında yerindəcə fikir mübadiləsi aparıldı. Eyni zamanda, yeni təkliflərin təqdim olunması üçün formatlarla bağlı da fikir mübadiləsi aparıldı. Məqsəd bu ünsiyyətin dayanıqlı şəkildə davam etdirilməsi və ictimai nəzarət mexanizmlərinin effektivliyini artırmaqdır.”
Elşad Məmmədov dövlət nümayəndələrinin İctimai Şuranın fəaliyyətinə verdiyi önəmi yüksək qiymətləndirərək əlavə edib:
“Prezident Administrasiyasının və müvafiq nazirliyin təmsilçilərinin İctimai Şuranın yeni tərkibdə fəaliyyətə başlamasından az vaxt keçməsinə baxmayaraq belə bir görüşə qatılması dövlətin vətəndaş cəmiyyəti ilə əməkdaşlığa verdiyi əhəmiyyəti göstərir. Bu həm də İctimai Şuranın sosial siyasətdəki roluna verilən dəstəyin göstəricisidir.”
Sahib Məmmədov: “İctimai iştirakçılığın gücləndirilməsi istiqamətində səmərəli müzakirələr aparıldı”
İctimai Şura üzvü Sahib Məmmədov görüşün olduqca məhsuldar keçdiyini bildirib:
“14 may tarixində keçirilən bu görüşdə Tural Əliyev ictimai şuraların rolu və mövcud problemlərlə bağlı fikirlərini bölüşdü. Qeyd etdi ki, qanunvericilik sahəsində və ictimai iştirakçılıqla bağlı təkliflər varsa, biz onları təqdim edə bilərik.”
Sahib Məmmədov əlavə edib ki, Şura üzvləri də öz növbəsində müxtəlif məsələləri gündəmə gətiriblər:
“İctimai şuraların və vətəndaş cəmiyyətinin rolu, onların vətəndaşlarla əlaqələrinin möhkəmləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Hesab edirəm ki, bu görüşün nəticələri olacaq və İctimai Şura fəaliyyətində yeni mərhələyə qədəm qoyacaq.”
Zülfiyyə Nuriyeva: “Yeni tərkib İctimai Şuranın uğurlu ənənələrini davam etdirəcək”
İctimai Şura üzvü Zülfiyyə Nuriyeva görüş zamanı dövlət rəsmilərinin əvvəlki dövrdə İctimai Şuranın fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib:
“Tural Əliyev ötən dövrdəki fəaliyyətin uğurlu olduğunu və yeni tərkibin də bu ənənəni davam etdirəcəyinə ümid etdiyini bildirdi. Nazirliyin Aparat rəhbəri Fuad Musayev də çıxışında sosial paketlərin əhali arasında daha geniş təbliği üçün İctimai Şuranın üzərinə ciddi vəzifələr düşdüyünü vurğuladı.”
Zülfiyyə Nuriyeva əlavə edib ki, İctimai Şura üzvləri bundan sonra da sosial xidmətlərə əlçatanlığın təmin olunmasında fəal iştirak etməlidirlər:
“Tural müəllim qeyd etdi ki, vətəndaşlar problemini ictimailəşdirmədən öncə İctimai Şuraya müraciət edə bilməlidir. Bu, birbaşa dialoqun və effektiv əlaqənin qurulması üçün vacibdir. Həmçinin QHT-lərin beynəlxalq arenada fəallığına da toxunularaq, onların fəaliyyətlərini inkişaf etdirməsi tövsiyə olundu.”
İradə Rizazadə: “İctimai Şura üzvləri maarifləndirmə prosesində iştirak etməlidir”
İctimai Şura üzvü İradə Rizazadə görüşdə əsas müzakirə mövzularından birinin Şura tərkibinin keyfiyyəti və funksional fəaliyyəti olduğunu qeyd edib:
“Tural müəllim vurğuladı ki, hazırkı tərkib sahəyə bələd mütəxəssislərdən ibarətdir və bu, Şuranın səmərəliliyini artıracaq. Əvvəllər müşahidə olunan bəzi problemlər artıq minimuma enib.”
Onun sözlərinə görə, İctimai Şuraların əsas vəzifəsi yalnız sosial şəbəkələrdə aktivliklə kifayətlənməməlidir:
“İctimaiyyətə yeni qəbul olunmuş qanunlar, sərəncamlar və sosial islahatlarla bağlı məlumat verilməli, vətəndaş maarifləndirilməlidir. Şura üzvləri bu prosesdə bilavasitə iştirak etməlidir. Əsas hədəf vətəndaşın məlumatlı olması və sosial siyasətin faydalarını daha aydın görməsidir.”