Sosial Xidmətlər Agentliyinin nümayəndə heyəti İspaniyada keçirilən Yaz Konfransında iştirak edir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun rəhbərliyi ilə Agentliyin nümayəndə heyəti İspaniyanın Valensiya şəhərində keçirilən “İnklüzivlik mədəniyyəti: incəsənət, idman və istirahət vasitəsilə həyatın zənginləşdirilməsi” adlı Yaz Konfransında iştirak edir.
Avropada Əlilliyi olan Şəxslər üçün Xidmət Təminatçıları Assosiasiyası (EASPD) tərəfindən təşkil edilən beynəlxalq konfrans əlilliyi olan şəxslər üçün sosial xidmətlər və dəstək təmin edən təşkilatların təmsil olunduğu bir şəbəkədir. Təşkilat əlilliyi olan şəxslərin həyat keyfiyyətini artırmaq, onların hüquqlarını müdafiə etmək və sosial inklüzivliyi təşviq etmək məqsədi daşıyır. Sosial Xidmətlər Agentliyi 2022-ci ildən EASPD-nin üzvüdür.
Yaz Konfransında sosial xidmət sahəsində fəaliyyət göstərən qurumların rəhbərləri bir araya gələrək əlilliyi olan şəxslərin səlahiyyətlərinin artırılması üçün inklüzivlik mədəniyyətinin yaradılması ilə bağlı müzakirələrdə iştirak edirlər.
Konfrans iştirakçılarının həmçinin əlilliyi olan şəxslərin incəsənət və idman sahəsində müxtəlif aktiv fəaliyyətlərə çıxışının asanlaşdırılması mövzusunda sessiyalarda iştirakı da nəzərdə tutulub.