Xəbərlər 16.05.2025 17:55 107

Hacı Mahmud Əfəndi oğlu Məhəmmədəmin Əfəndi - Mustafa Vəkiloğlu yazır

Təəssüflə xəbər aldığımıza görə, Amasiya əşrafından Amasiya Müdafieyi-Hüquq Cəmiyyətinin öndərlərindən Hacı Mahmud Əfəndizadə (Karan) oğlu Məhəmməd əfəndi keçən sentyabr ayında Amasiyada rəhməti-Rəhmana qovuşmuşdur. Səksənlik bu piri-möhtərəm Azərbaycanın tanınmış üləmasından Hacı Mahmud əfəndinin oğludur. Hacı Mahmud əfəndi Qafqazdan sıx-sıx Türkiyəyə gedib-gəldiyini və Azərbaycanda xalqdan toplanan pullarla Amasiyada bir məscid tikdirməkdə olduğunu xəbər alan çar hökuməti bundan şübhələnmiş, onu ailə fərdləri ilə birlikdə yuvasından sürgün edərək Türkiyəyə köç etməsi üçün əmr vermişdir. Bu yolçuluğa hazırlanarkən Hacı Mahmud əfəndi anidən xəstələnmiş və qısa davam edən bu xəstəliyi nəticəsində də vəfat etmişdir. Mərhumun Azərbaycanda Qazax vilayətindəki məzarı üzərində tikilən türbəsi o zamandan bəri geniş xalq kütlələrinin bir ziyarətgahı olmuşdur. Rəhmətlik Məhəmməd əfəndi, anası, kiçik qardaşı Əhməd əfəndi və bəzi yaxın əqrəbaları ilə birlikdə təxminən 60 il əvvəl Azərbaycandan hicrət edərək Amasiyaya gəlmiş və orada yerləşmişdir. Burada qısa zamanda elm və fəziləti ilə ümumun hörmət və sevgisini qazanmış olan Məhəmməd əfəndi gənc yaşlarında Vilayət İdarə Məclisi əzalığına (üzvlüyünə - tər.) seçilmişdir. İstiqlal Savaşı əsnasında Məhəmməd əfəndi Müdafieyi-Hüquq Cəmiyyətinin ən fəal və əzmkar əzalarından biri olmuşdur. Atatürkün Amasiyaya ilk gəlişində Məhəmməd əfəndi onunla tez anlaşmış və cəmiyyət içindəki fəaliyyətini ondan aldığı direktivlər üzərində qurmuşdur. Məhəmməd əfəndi o dövrdə Amasiyaya gəlmiş bir çox Milli Mücadilə böyükləri ilə tanış olmuş və görüşmüşdür. Bir çoxlarını evində müsafir etmişdir. Mərhum Amasiyada o dövrdə yaxın təmas qurduğu marşal Fevzi Çakmakdan, Refet, Cəmil Cahid paşalardan, Fəthi, Bəkir Sami, Mustafa Necati, Hüseyn Avni bəylərdən daima hörmət və sitayişlə bəhs edərdi. Hələ Atatürkdən bəhs edildikdə Məhəmməd əfəndini görməli idin. Həyəcanlanır və Atatürkü mədh etməkdən heç cür doymurdu. Bir dəfə Atatürklə aralarında olmuş bir mübahisəni Məhəmməd əfəndi belə anladırdı:

 “Atatürk:

– Məhəmməd əfəndi, Müdafieyi-Hüquq Cəmiyyəti içində sizi ən həyəcanlı və imanlı əzalardan biri olaraq görürəm, bu şayanı-şükrandır.

Məhəmməd əfəndi:

 – Əstəğfurulah, paşam. Mən sadəcə milli vəzifəmi yerinə yetirirəm. Yalnız mənim digər arkadaşlardan fərqim odur ki, mən yad istilasının nə böyük bir fəlakət olduğunu Azərbaycanda bizzat gördüm və yaşadım”.

O sıralarda Anadolunun müxtəlif bölgələrində baş qaldıran üsyanların mühümlərindən biri olan Zilə üsyanını yatırtmaq üçün və asilərə nəsihət etmək üzərə Amasiyadan Ziləyə göndərilən heyətin başında Məhəmməd əfəndi dayanırdı. Orada Məhəmməd əfəndini asilər zindana atımış və öldürmək istəmişdilər. Bərəkət versin ki, ertəsi günü Cəmil Cahid paşanın komandanlığındakı əsgəri birliklər asiləri Zilədən püskürtmüş və mücadilə arkadaşları Məhəmməd əfəndini də ölümdən qurtarmışlar. Ömrünün son illərində Məhəmməd əfəndi İstiqlal Mücadiləsinə aid xatirələrini sıx-sıx anladırdı: “O dövrdən mənə iki əziz xatirə qalmışdır” – deyərdi: “Biri İstiqlal medalı, biri də oğlum Kamal”. Məhəmməd əfəndi İstiqlal Savaşı sırasında dünyaya gəlmiş olan oğlunun adını çox sevdiyi Atatürkün adı olan Mustafa Kamal qoymuşdur. Burada yeri gəlmişkən bunu da  qeyd edək ki, Kamal da atasının vətənə xidmət yolunda yürüməkdədir və bu gün də Amasiyadan millət vəkili (CHP) seçilmişdir. Gözəl qəlbli və kamil bir insan olan Məhəmməd əfəndi bu dəfə də rus kommunist zülm və istilasından sonra Azərbaycandan qaçaraq Amasiyaya gəlmiş yüzlərlə qardaşına qarşı yaxın və isti əlaqəsini heç bir zaman əsirgəməmişdir. Azərbaycan siyasiləri və geniş Azərbaycan mühacirət kütləsi Məhəmməd əfəndinin və qardaşı Əhməd əfəndinin hər çeşid maddi və mənəvi yardımlarını heç bir zaman unutmurlar və unutmazlar da.

 

Mustafa Vəkiloğlu

“Mücahid”, 1961-ci il, 41-42-ci saylar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı