Xəbərlər 12.06.2025 19:15 119

15 İyun – İdeya və Şəxsiyyətin Qovuşması

Bəzən bir millətin taleyi bir gündə həll olunmur – lakin o taleyin hansı istiqamətə axacağına qərar verən məqamlar olur. Bu məqamlar adətən təsadüfi görünür, lakin tarix onların təsadüf olmadığını sonradan sübut edir. 15 İyun – belə günlərdən biridir. Onun dəyəri təqvimdəki bir gündən yox, xalqın taleyindəki dönüşdən qaynaqlanır. Çünki o gün yalnız bir liderin siyasi hakimiyyətə qayıdışı deyildi Azərbaycanın parçalanmaqdan, siyasi amneziyadan və vətəndaş müharibəsindən xilas olması idi.

Qayıdış – bioloji yox, siyasi instinkt

Heydər Əliyevin qayıdışı klassik anlamda "siyasətə qayıdış" deyildi. Bu, bir ideyanın yenidən meydana çıxması, bir strateji şüurun xalq iradəsi ilə sinxronlaşması idi. Azərbaycan xalqı bu qayıdışı sadəcə arzu etmədi – onu çağırdı, tələb etdi, çünki idarə olunan yox, idarə edən liderə ehtiyac var idi.

Qayıdan sadəcə bir insan deyildi – o, itirilmiş etimadın, unudulan dövlətçiliyin, pozulmuş tarazlığın daşıyıcısı idi. Heydər Əliyev sadəcə siyasi elitanın yox, xaosa qərq olmuş millətin bütün təbəqələrinin ümumi müraciətinə cavab vermişdi. Bu cavab, həm də beynəlxalq və regional güclərə verilmiş mesaj idi: Azərbaycan artıq daxildən dağılmaq istəmir.

Şəxsiyyət – ideyasız əzəmət, yoxsa ideyanı daşıyan ağırlıq?

Liderlik zamanın içindən çıxan, lakin zamana istiqamət verən nadir keyfiyyətdir. Heydər Əliyev bu keyfiyyəti yalnız administrativ təcrübə ilə yox, dövlətçilik fəlsəfəsi ilə ifadə edirdi. Onun varlığı, sadəcə güc nümayişi deyildi. Bu varlıq, konsepsiyalı idarəetmə, diplomatik uzaqgörənlik və ictimai legitimliyin bərqərarolunmağı mənasına gəlirdi.

Çünki şəxsiyyət olmadan ideya reallaşmır, ideya olmadan şəxsiyyət mifə çevrilir. 15 İyunun qurtuluş olaraq dəyərləndirilməsi də bu məntiqin üzərində dayanır – ideya ilə şəxsiyyət bir-birini tapmış, biri digəri üçün varlıq əsasına çevrilmişdi.

Qurtuluş təkcə xaosdan yox, yanlışlıqdan da qurtuluş idi

Azərbaycan yalnız siyasi xaos içində deyildi – həm də tarixi yaddaşını itirmək üzrə idi. Sovetdən sonrakı dövrdə formalaşan milli dəyərlər sistemsiz, siyasi narrativ isə təhrif olunmuşdu. 15 İyun bu mənada yaddaş formatlaması idi – təkcə idarəetmənin yox, milli ideologiyanın yenidən qurulması.

Bu tarix həm də yeni bir siyasi modelin başlanğıcı idi – şəxsi məsuliyyətə əsaslanan liderlik, sabitliyə aparan idarəetmə və millətin müxtəlif təbəqələri arasında sosial müqavilənin imzalanması. Əslində, bu, Azərbaycanın dövlət olaraq yenidən konseptual qurulması idi.

Qurtuluşun əsl mahiyyəti – nizamın, intizamın və ideyanın bərpası

15 İyun göstərdi ki, millətlər yalnız savaşla yox, düşüncə ilə də sağ qalırlar. Hərbi yox, strateji zəfər qazanmaq üçün düşünən liderə ehtiyac var idi. Bu zəfər bir partiyanın yox, bütövlükdə xalqın qələbəsi oldu. O xalq ki, artıq inamını itirmək üzrə idi. O xalq ki, sabahını görmürdü. O xalq ki, bir nəfərdən kollektiv dirəniş, kollektiv iradə gözləyirdi. Və o dirəniş gəldi – təkcə siyasi yox, ideoloji səviyyədə.

 

Umud Mirzəyev

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı