Xəbərlər 18.06.2025 19:56 128

Masallıda yeni ticarət mərkəzi açılıb 

Masallıda yeni ticarət mərkəzi açılıb – “Prospekt Moll”

 

Paytaxt Bakı ilə yanaşı, regionlarda da sahibkarlıq inkişaf etdirilir, yeni obyektlər açılır, əhalinin işlə təminatı yaxşılaşdırılır.
Masallıda yeni istifadəyə verilən “Prospekt Ticarət Mərkəzi” bunun bariz nümunəsidir. 
İyunun 18-də geniş və müasir infrastruktura malik mərkəzin açılışında sahibkarlar, şəhid ailələri, qazilər, rayon sakinləri iştirak ediblər.
Açılış mərasimi öncəsi Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himnimiz səsləndirilib. 
Sonra iş adamı Adna Salayev sahibkarlığın inkişafına dövlət dəstəyindən, onlara göstərilən diqqət və qayğıdan danışıb.
İki şəhid – Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli və Aprel döyüşləri qəhrəmanı Nurlan Əsgərlinin anası Ziba Əsgərova, şəhid Əlimərdan Quluzadənin atası Fəttah Quliyev, 100 yaşlı rayon sakini Xanım nənə Masallıda bu cür müasir ticarət mərkəzinin istifadəyə verilməsinə görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıq edib, mərkəzin gələcək fəaliyyəti üçün kollektivə uğurlar arzulayaraq, “Prospekt Moll”un masallıların sevimli ticarət mərkəzinə çevriləcəyinə əminliklərini bildiriblər.
Daha sonra ticarət mərkəzinin açılışı münasibətilə tədbir iştirakçılarına populyar müğənnilərin iştirakı ilə maraqlı konsert, eləcə də şou-proqramlar təqdim olunub.
Rəmzi lent kəsildikdən sonra ticarət mərkəzi ilə tanışlıq başlayıb. 
Qeyd edək ki, Masallı şəhərinin mərkəzində, Heydər Əliyev prospekti 117 ünvanında, “Respublika Bank”ın yanında yerləşən ticarət mərkəzi 14 saat (08.00-22.00) müştərilərin xidmətindədir. 
Zövq oxşayan, müasir tərtibatlı, 8100 kvadratmetr sahəni əhatə edən mərkəzdə 200-dən çox sahibkarın, 500-ə yaxın işçinin fəaliyyəti üçün müvafiq şərait yaradılıb, yüksək keyfiyyəti və sərfəli qiymətlərilə seçilən milli və beynəlxalq markalı müxtəlif növ məhsulların satışı təşkil olunub.
Müştərilərin rahatlığını təmin etmək məqsədilə ərazidə avtodayanacaq, kafe, əyləncə mərkəzi və digər iaşə obyektləri də fəaliyyət göstərir. Ticarət mərkəzi yüksək səviyyəli kamera-nəzarət sistemi, mühafizə-təhlükəsizlik xidməti ilə təmin edilib.

 

Akif AĞAYEV,

 

video: Elsevər Əliyev, Faiq Mirzə,
foto: Mirələm Həşimov, Səfər Səfərov.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı