Xəbərlər 26.06.2025 21:59 20

“Qalib Azərbaycan” mövzusunda rəsm sərgisi keçirilib

İyunun 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Zirvə” Ziyalılar Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə “Qalib Azərbaycan” mövzusunda rəsm sərgisi keçirilib.

QHT.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərginin təşkil edilməsində məqsəd müstəqil Azərbaycanın inkişaf yolunu, xalqımızın mədəni-mənəvi irsini və qələbə ruhunu incəsənətin dili ilə əks etdirmək, eyni zamanda, elmi ictimaiyyətin mədəni yaradıcılıq potensialını üzə çıxarmaq olub.

Sərgidə AMEA əməkdaşlarının və onların övladlarının əl işlərindən ibarət 60-dan çox rəsm əsəri nümayiş olunub. Əsərlər arasında portretlər, mənzərələr, milli motivli rəsmlər, müasir üslubda işlənmiş kompozisiyalar və dekorativ tətbiqi sənət nümunələri yer alıb. Tablolarda xalqımızın zəfər dolu tarixi, Qarabağ həqiqətləri, milli qürur və vətən sevgisi xüsusi bədii dildə ifadə olunub.

Açılış mərasimində çıxış edən AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə belə tədbirlərin elmi və mədəni həyatın inteqrasiyası baxımından mühüm rol oynadığını bildirib. O qeyd edib ki, artıq 25-ci dəfə keçirilən sərgi 11 ildir ki, akademiya daxilində təşkil olunur. Müxtəlif yaş kateqoriyasından iştirakçıların qatıldığı bu sərgi həm elmi-mədəni əməkdaşlığın, həm də yaradıcılığın vətənpərvərlik ruhunda birləşməsinin gözəl nümunəsidir.

Tədbirdə, həmçinin institutun direktor müavini dosent Xəzər Zeynalov, Mədəniyyət Nazirliyinin məsul əməkdaşı Sənan Talıbov və Beynəlxalq Aktivist Sənətçilər Birliyinin Azərbaycan təmsilçisi Nəvai Metin çıxış ediblər. Onlar bu sərginin keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

“Zirvə” Ziyalılar Təşkilatının prezidenti, AMEA-nın baş rəssam konstruktor-dizayneri, ictimai və incəsənət xadimi Minayə Dəyanət Feyzullayeva isə çıxışında sərginin təşkilinə dəstək verən hər kəsə təşəkkürünü bildirib və bu layihənin davamlı olacağını vurğulayıb.

MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov öz növbəsində sərgini, həm də AMEA-nın 80 illik şərəfli tarixini qeyd etmək, alimlərin və onların ailə üzvlərinin yaradıcılığını təşviq etmək baxımından yaddaqalan tədbirlərdən biri kimi dəyərləndirib. O, kitabxana olaraq bu cür tədbirlərin keçirilməsinə daim dəstək göstərdiklərini də diqqətə çatdırıb.

Tədbirdə iştirak edən tanınmış rəssam Hüseyn Hacıyev “Kitabi-Dədə Qorqud-1300” adlı əsərini MEK-ə hədiyyə edib.

Sərgidə iştirak edənlərə xüsusi sertifikatlar və hədiyyələr təqdim olunub.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı