Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İntegrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova öz sosial media hesabında “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nun iştirakçılarının 5 noyabr 2026-cı il tarixində Gəncədə iki tarixi-mədəni məkanı ziyarət etməsi haqda paylaşım edib.

QHT.az həmin paylaşımı təqdim edir:

"2026-cı il noyabrın 5-də “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nun iştirakçıları Gəncədə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.

Ziyarət zamanı QHT nümayəndələri dünya şöhrətli şairin həyat və yaradıcılığını əks etdirən eksponatlarla tanış olublar. İştirakçılara Nizami Gəncəvinin zəngin ədəbi irsi, sərgilənən kitablar barədə ətraflı məlumat verilib.

Daha sonra forum iştirakçıları Ermənistanın müharibə cinayətlərini özündə əks etdirən Gəncə Memorial Kompleksində olublar. QHT nümayəndələri kompleksin önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

İştirakçılar kompleksin tərkibində fəaliyyət göstərən muzeyi də ziyarət edərək ekspozisiya zalları ilə tanış olublar. Onlara muzeydə nümayiş etdirilən arxiv materialları, tarixi sənədlər və dağıdılmış mədəni irs nümunələri haqqında geniş məlumat verilib".