Tarixi Zəfərimizlə, xüsusilə Şuşanın azad olunması ilə Azərbaycan müasir hərb tarixində çox mühüm yeniliklərə imza atdı. Bütün bunlar çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır. Şuşanı və digər yurd yerlərimizi gəzərkən həmin möhtəşəm hərbi əməliyyatlarda iştirak edib şəhid olan qardaşlarımızı ehtiramla anırıq. Onların qəhrəmanlığı, əsgərlərimizin şərəfli döyüş yolu gələcək nəsillər üçün örnəkdir.

Bütün çətinliklərə baxmayaraq, düşünürük Qüzey Azərbaycanın, xüsusilə Şuşa və Xankəndi daxil olmaqla  bütün ərazilərini azad görmək xoşbəxtlikdir. 44 günlük Vətən müharibəsi yalnız Azərbaycanda deyil, bütün türk dünyasında canlanmaya səbəb oldu. Etiraf etmək lazımdır ki,  Azərbaycanın tarixi qələbəsindən sonra uzun müddət Rusiyanın təhdidləri ilə üzləşmiş Mərkəzi Asiya Respublikalarında yeni dönəm başladı.

Həmin ölkələr Türk Dövlətləri Təşkilatı (TDT) ilə əməkdaşlıqda  xeyli fəallaşdılar. Kifayət qədər bağlılığı olan, oxşar kökdən, mədəni dəyərlərdən şaxələnən türk xalqları və dövlətləri arasında yeni dönəm başladı. Hətta həmin türk dövlətlərinin bəziləri işğaldan azad olunmuş bu ərazilərə, Qarabağa quruculuq işləri üçün sərmayələr ayırdılar. Düşünürük bu müsbət tendensiya daha da genişlənəcək.

Digər tərəfdən 44 günlük Vətən müharibəsi  xülyalarla yaşayan, separatizmə və terrora meylli dünya erməniliyinə və onların himayədarlarına ciddi zərbə idi. Şəbəkələşmiş həmin qüvvələr bu gündə boş dayanmırlar.

Hətta ABŞ-dəkı aralıq seçkilər zamanı Demokrat Partiyasından qanunverici orqana yeni düşən bəzi ermənipərəst deputatlar ilk addımlarında sayıqlamalara yol verdilər. Ermənilərin müqəddəratından, Qarabağ ermənilərindən danışdılar.

Bütün bunlar başqa söhbətin mövzusu olsa da, sülhə, sabitliyə, Azərbaycanın ərazi bötövlüyünə təhdidlərin qaldığını unutmamalıyıq. Və bu istiqamətdə çox aktiv şəkildə adekvat tədbirlərin görülməsi, diplomatiyamızın daha da çevik olması zəruridir. Unutmamalıyıq ki, düşmən və dost olmayan qüvvələr hər zaman pusqudadır.

Nəhayət ki, Zəfərimizə uyğun cəmiyyət qurmalıyıq. Quruculuq prosesi Vətəndaş Cəmiyyətinin rolunu artırmaqla, vətəndaş məmnunluğunu təmin etməklə, rifahını yüksəltməklə, keyfiyyətli təhsilə nail olmaqla və digər istiqamətlərdə davam etməlidir.

Ümumilikdə postmüharibə dövründə QHT-lərin potensialından düzgün yararlanmaq faydalı olar. Dövlətimiz qüdrətli, Zəfərimiz mübarək, müstəqiliyimiz əbədi olsun!  
Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli