Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.
Videoçarxların növbəti buraxılışında “Müstəqil Nəqliyyatçılar” Məsləhət və İnformasiya İctimai Birliyinin sədri Ərşad Hüseynov Vətən müharibəsinin otuz səkkizinci günü - 3 noyabrla bağlı xatirələrini bölüşür. Ərşad Hüseynov həmin günləri xatırlayaraq bildirib:
"Mən Birinci Qarabağ müharibəsinin veteranıyam və uzun illər həsrətlə gözləyirdik ki, nə vaxt torpaqlarımız azad olunacaq. Ordumuzun fəaliyyətini izləyirdik və həmişə ümid edirdik ki, ordumuz yüksək səviyyədə öz üzərinə düşən vəzifəni yerinə yetirəcək, torpaqlarımızı düşmən işğalından, düşmən tapdağından azad edəcək.
Nəhayət, həmin gün gəldi. Sentyabrın 27-də hamı kimi mən də müharibənin başlanması xəbərini böyük həyəcanla eşitdim. Elə ilk günlərdən, ilk dəqiqələrdən ürəyimə dammışdı ki, bu, artıq əvvəlki xəbərlərdən deyil. Çünki əvvəllər də atəşkəsin pozulması ilə bağlı xəbərlər eşidirdik. Amma bu dəfə döyüşlərin miqyasını, ordumuzun və xalqımızın coşqusunu gördükdə ürəyimizə dammışdı ki, artıq qələbəmiz qaçılmaz olacaq. Müzəffər ordumuz addım-addım bu qələbəyə doğru irəlilədi.
Məlumat üçün deyim ki, bizim bir radio verilişimiz var. Həmin radio verilişi yol hərəkəti təhlükəsizliyinə həsr olunub. Həmin il bazar gününə təsadüf etdiyinə görə bu, növbəti, 8-ci buraxılışımız idi. Artıq həmin buraxılışdan başlayaraq yol hərəkəti təhlükəsizliyindən deyil, məhz müharibədən danışmağa başladıq.
Maraqlıdır ki, yol hərəkəti təhlükəsizliyindən danışanda əsas dinləyici kontingentimiz və bizimlə əlaqə saxlayanlar sürücülər olurdu. Amma müharibədən danışmağa başlayanda sanki bütün xalqımız bizə qoşuldu. Beləcə, addım-addım torpaqlarımız azad olundu.
Bu gün noyabrın 3-dür. Biz həmin qələbəyə daha bir addım yaxınlaşırıq. Müharibənin 38-ci günüdür. Artıq noyabrın 3-də hiss edirdik ki, Şuşaya, Laçına bir nəfəs qədər yaxınıq. Həyəcanla həmin məntəqələrin, həmin ərazilərin azad olunmasını gözləyirdik.
Radioda məlumat gəldi ki, Prezidentin çıxışı olacaq. Əsgər və zabitlərlə bir yerə toplaşaraq avtomobildə Prezidentin çıxışını dinlədik. İnanırsınız, Şuşanın azad olunması xəbəri gələndə orada yaşanan coşğunu təsəvvür etmək üçün söz tapmıram. Elə bir sevinc və coşğu yaranmışdı ki, bunu ifadə etmək çox çətindir.
Bu qələbə sevincinə görə hər kəsə təşəkkür edirəm. Şəhidlərimizin ruhu qarşısında baş əyərək, Ali Baş Komandan başda olmaqla, bu qələbə üçün zəhmət çəkən hər kəsə minnətdarlığımı bildirirəm.
Bir müharibə veteranı olaraq deyə bilərəm ki, bu qələbə Birinci Qarabağ müharibəsində alnımızda qalan xəcalət ləkəsini, qara ləkəni sildi.
Ona görə də xalqımıza, dövlətimizə və Ali Baş Komandana minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ruhu daim şad olsun!"








