Artıq bir neçə gündür bu məsələ ictimaiyyətdə geniş müzakirə olunur. Mən isə bu məsələyə bir qədər başqa yöndən baxıram…
Bu daşların üzərinə belə adların yazılmasını doğru hesab etmirəm. Şəhidlərimizin adını yaşatmaq istəyiriksə, bunun daha gözəl, daha layiqli və daha uzunömürlü yolları var. Şəhid adı təbiətin qoynundakı bir daşın üzərinə boya ilə yazılmamalıdır.
Qarabağı yalnız burada adı yazılan bir şəhid almayıb. Bu torpağın hər qarışında görünən və görünməyən, adı tarixə düşən və düşməyən neçə-neçə igidimizin qanı, əməyi, canı var.
Kimi şəhid oldu, kimi yaralandı, kimi illərlə döyüşdü, kimi səssiz-səmirsiz öz borcunu yerinə yetirdi. Bu Zəfər bir nəfərin deyil, minlərlə qəhrəmanın ortaq fədakarlığının nəticəsidir.
Ona görə də bir daşın üzərinə bir şəhidin adını yazıb, sanki həmin torpağın yalnız onun hesabına azad edildiyi görüntüsünü yaratmaq düzgün deyil. Bu, istər-istəməz digər şəhidlərimizin, qazilərimizin və Vətən uğrunda mübarizə aparan bütün igidlərimizin haqqına kölgə sala bilər.
Şəhidlərimizin adlarını yaşatmaq üçün başqa yollar var. Xatirə lövhələri, abidələr, xiyabanlar, küçələr, məktəblər, kitablar, muzeylər və şəhid guşələri yarada bilərik. Övladlarımıza onların həyatını, döyüş yolunu, qəhrəmanlığını öyrədə bilərik.
Daşlara boya ilə ad yazmaq asandır.
Amma şəhidin adına layiq yaşamaq çətindir.
Qarabağda hər daşın altında bir tarix, hər yüksəklikdə bir igidin izi var. Gəlin o izləri bir-birindən ayırmayaq. Heç bir şəhidin adını digərindən üstün tutmadan, hər birinin xatirəsinə eyni hörmətlə yanaşaq.
Çünki bu torpağı bizə bir nəfər yox, Vətən üçün canından keçən bütöv bir qəhrəmanlıq ordusu qaytardı.
"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova












