Neftçala, 6 sentyabr 2026 — Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA İB) tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və BP Azərbaycanın maliyyə dəstəyi ilə icra olunan “Yaşıl maliyyə və iqlim risklərinin idarə olunması” peşəkar inkişaf proqramının rəsmi bağlanış mərasimi keçirilib.
QHT.az xəbər verir ki, layihə çərçivəsində hazırlanmış xüsusi konseptual model Qaraqaşlı bələdiyyəsinə təqdim edilib. Bunun ardınca, bələdiyyə ərazisində iqlim risklərinin idarə olunması və dayanıqlı idarəetmə prinsiplərinin tətbiqi istiqamətində gələcək əməkdaşlığı rəsmiləşdirən niyyət protokolu imzalanıb.
Rəsmi hissədən sonra iştirakçılar arasında təlim proqramının effektivliyini, mövzuların əhatəliliyini və təşkilatçılıq səviyyəsini qiymətləndirmək məqsədilə anonim sorğu keçirilib. Sorğunun nəticələri proqramın yerli maraqlı tərəflərin ehtiyaclarına tam cavab verdiyini və onların yaşıl maliyyə prinsipləri üzrə biliklərini əhəmiyyətli dərəcədə artırdığını nümayiş etdirib.
Tədbirin yekununda proqramın modulları üzrə imtahanları uğurla tamamlayan bütün iştirakçılara 3 səviyyəli rəsmi sertifikatlar təqdim edilib. Mərasim layihə tərəfdaşları, ekspertlər, bələdiyyə sədrləri və iştirakçıların birgə xatirə fotoşəkilinin çəkilməsi ilə başa çatıb.












