"Böyük Qayıdış siyasəti Azərbaycan dövlətinin həyata keçirdiyi mühüm layihələrdən biri kimi uğurla davam etdirilir. Proses Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində həyata keçirilir".
Bu fikirləri hərbi ekspert Emin Həsənli QHT.az-a açıqlamasında bildirib.
Emin Həsənli bildirib ki, azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri genişmiqyaslı şəkildə həyata keçirilir: Azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə yanaşı, burada yolların və hava limanlarının tikintisi, dəmir yolu xətlərinin çəkilməsi, su, elektrik, qaz və kanalizasiya infrastrukturlarının qurulması istiqamətində genişmiqyaslı işlər görülüb. Eyni zamanda, yüksək səviyyəli memarlıq layihələri əsasında yeni şəhər, qəsəbə və kəndlərin salınması istiqamətində işlər davam etdirilir.
E.Həsənlinin sözlərinə görə, Böyük Qayıdış mərhələli şəkildə və sürətlə davam etdirilir: Böyük Qayıdış prosesi mərhələli şəkildə həyata keçirilir. Azad edilmiş ərazilərin böyük hissəsinin minalardan təmizlənməsi, nəqliyyat və kommunal infrastrukturun qurulması müəyyən zaman tələb etsə də, hazırda şəhər, qəsəbə və kəndlərin bərpası və yenidən qurulması işləri daha sürətli şəkildə davam etdirilir.
Ekspert vurğulayıb ki, dövlət qurumları Böyük Qayıdış çərçivəsində qarşıya qoyulan vəzifələri icra edirlər: Prosesdə iştirak edən dövlət qurumları qarşıya qoyulan vəzifələrin icrası istiqamətində fəaliyyətlərini davam etdirirlər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi isə ilk növbədə ağır yaşayış şəraitində olan, yataqxana, sanatoriya, uşaq bağçası, xəstəxana və digər uyğunlaşdırılmış məkanlarda məskunlaşan keçmiş məcburi köçkünlərin yeni yaşayış yerlərinə köçürülməsini təmin edir.
Emin Həsənli qeyd edib ki, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı artıq real şəkildə davam edir: Hazırda keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir. Azad edilmiş ərazilərdə insanların yaşayışı üçün müasir şərait yaradılır, məktəblər fəaliyyət göstərir, sosial və ictimai həyat canlanır. Burada toy mərasimlərinin keçirilməsi və insanların doğma torpaqlarında məskunlaşması Böyük Qayıdışın mühüm nəticələri kimi qiymətləndirilir.
E.Həsənli bildirib ki, böyükmiqyaslı proses zamanı ayrı-ayrı problemlərin yaranması təbii haldır, lakin bu məsələlər həll olunur: Böyükmiqyaslı prosesin həyata keçirilməsi zamanı müəyyən nöqsan və ayrı-ayrı hallarla bağlı problemlərin yaranması da mümkündür. Lakin bu kimi məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi prosesin əsas məqsədinə – keçmiş məcburi köçkünlərin təhlükəsiz və layiqli şəraitdə öz doğma torpaqlarına qaytarılmasına mane olmur.
Ekspert vurğulayıb ki, Böyük Qayıdışın uğurla başa çatdırılması əsas hədəflərdən biridir: Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Zəfər nəticəsində uzun illər işğal altında olan torpaqlar azad edilib. Hazırda həmin ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı istiqamətində həyata keçirilən Böyük Qayıdış prosesinin də yüksək səviyyədə başa çatdırılması qarşıya əsas məqsəd kimi qoyulub.
Fatimə Nəbiyeva












