Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli Şuşada tarixi və mənəvi əhəmiyyət daşıyan qayaların və daşların bəzi turistlər tərəfindən yazılarla çirkləndirilməsi haqqında fikirlərini açıqlayıb.

QHT.az həmin fikirləri təqdim edir:

"Şuşa qəhrəmanlarının şücaətinin nişanəsi olan qayaları, daşları elə vətəndaşımız kimi qorumalıyıq!

Şuşa şəhərinə gələn bəzi turistlərin tarixi əhəmiyyətə malik qayaların üzərini yazması hər birimiz üçün müqəddəs saydığımız 44 Günlük Vətən Müharibəsinin nişanələrinə, böyük mənəvi dəyəri olan rəmzlərinə hörmətsizlikdir.

Bu qayalar, daşlar Azərbaycan əsgərinin Şuşa uğrunda misilsiz qəhrəmanlığına şahidlik edən rəmzlər kimi tarixi yaddaşımıza həkk olunub. Şuşanın fəth olunması haqqında hekayələrdə, xatirələrdə bu daşlar, qayalar ön plana çıxır, Azərbaycan xüsusi təyinatlılarının hərb tarixində görünməmiş şücaətinin, fədakarlığına şahidlik edən rəmz kimi qeyd edilir.

Bu şücaətlərdən danışanda, ilk bu qayaları, daşları göstərir və miqyası, əsgərlərimizin igidliyini təsvir edirik. Bu qayalar baxanda, daşlara toxunanda sanki, onlar özləri bu qəhrəmanlıq hekayələrini danışırlar.

Bu qayalara, daşlara həm də, qəhrəman Şəhidlərimizin izlərini saxlayan, onların şücaətinə şahidlik etmiş əmanət kimi baxmalırıq. Onları yazanda, bu xatirələri pozuruq, bu nişanələri pozuruq. Ona görə, hər bir sağlam düşüncəli insan bu cür əməllərə laqeyd qala bilməz. Bu cür əməllər ciddi şəkildə qınanmalıdır və müvafiq dövlət orqanları da sərt tədbirlər görməlidirlər.

Ulu Məmməd Araz deyirdi ki, “Vətən daşı olmayandan, Olmaz ölkə vətəndaşı!”. İndi Şuşa qəhramanlarının şücaətinin nişanəsi olan bu qayları, daşları elə vətəndaşımız kimi qorumalıyıq!"