Xəbərlər 20.11.2022 16:38 3629

“Cinsiyyətimi neyləyirsən, gördüyüm işə bax”

“Kişi sənəti”, “qadın peşəsi”, “kişi işi”, “qadın ixtisası”... yaşlanmış bölgüdən necə qurtulaq?

Bir müddət əvvəl dünyasını dəyişmiş, Türkiyənin sevilən aktyoru, ixtisasca həkim olan Cüneyt Arkının xatirəmdə iz buraxan fikirləri belədir:“Həkim olduğum vaxtlarda işlədiyim kəndlərdə gözümün qabağında o qədər qadının ölümünə şahidlik etmişəm ki. Tək səbəb mənim kişi həkim olmağım idi. İmkan vermirdilər tibbi müdaxilə edim.”

Söhbət ötən əsrin 60-ci illərindən gedir. Halbuki, bu günün özündə hələ də həkim seçimində peşəkarlıq, mütəxəssislikdən çox, onun cinsiyyəti məsələsi durur. Götürək elə, ginekoloq kişiləri. Cəmiyyətdə hələ də bu ixtisaslı həkim kişilər “işləməyə sənət tapmadın da” tənəsi ilə qarşılaşırlar. Ərlər çox halda  həyat yoldaşlarını həkimə gətirən zaman ginekoloqun cinsiyyətini biləndə vaz keçirlər.
Mövzunu elə qarşı cinsin narahatlığından başlayıram ki, yazı boyunca dərd məsələsində gender balansını qoruyum.  

 

Mütəxəssis mama- ginekoloq Rəşad Sultanla söhbətimdə həkim təəssüf doğuran reallığı dilə gətirib: 
“İxtisas seçəndə, bu acı həqiqəti bilirdim. Hətta ailəm, özüm də tərəddüd etsəm də, bu sahəni seçdim. Amma zamanla hər şeyin dəyişəcəyinə inanmışam. Mən Türkiyədə müasir tibbi təhsil sonrası mütəxəssis adını almışam. Ölkəmizdə köhnə tibbi sistemin qalıntıları var, tibb sahəsində də stereotiplər davam edir. Bu mənim də işimdə çətinlik yaradır. Çox halda xanımlar mənə pasiyent kimi son anda vəziyyəti pisləşdiyi üçün, mütəxəssis kimi müraciət edir. Bu da hərtərəfli təəssüf yaradır. Niyə axı son dəmdə? Həkimin tək işi var, o da pasiyenti sağalda bilmək və ya ağırlaşmadan qorumaqdir”.

Qeyd edim ki, 2021-ci ilin sonuna olan hesabata görə, ölkədəki həkimlərin 63,6%-ni qadınlar təşkil edir. Cəmiyyətin çoxillik “həkimlik daha çox qadına yaraşır” deyimi bəhrəsini verib.

Peşə seçimi məsələsində stereotiplərin mövcudluğu uzun illər əvvələ dayanır. Valideynin övladından qabaq ixtisasını təyin etməsi, övladın təzyiq altında sevdiyi peşənin arxasınca getməməsi acı ənənələrdəndir. 
 

Bəzən, öz sevdiyi və görə biləcəyi iş arxasınca gedənlərin bacarığından çox, peşəsi müzakirə olunur.

Bir neçə il əvvəl kişi bərbərxanalarında işləyən xanımların fəaliyyətini qabartmağa başladılar. Belə çıxdı ki, heç vaxt xanım kişi saçını səliqəyə salmayıb, halbuki evində həyat yoldaşının saçını özü kəsən(həvəskar bərbər) tanıdıqlarım var. Bəzən media özü stereotiplərin yayılması və qidalanması üçün sanki çalışır. Kişi bərbəri xanıma “kişilərin sizə reaksiyası necədir” sualı belə, problemin qaysağını qoparır, mövzunu seksual qısnamaya çəkir. Halbuki, hazırda yenidən bərpa olunan peşə məktəblərində də bərbərlik ixtisası üzrə tədris davam edir. Elə bir qrup xanım da həmin məktəbin məzunu kimi işə başlayır.


Qəhrəmanım altı ildir kişi bərbəri işləyən Əfsanə Rüstəmova, bərbər sənətində cinsi ayrı-seçkiliyə haqq qazandıranları anlamadığını deyir: 
“Bizdə qadın bərbərliyində kişilər də çoxluq təşkil edir, bunun əksinin olması niyə təəccüb doğurmalıdır ki? Özüm həm qadın, həm də kişi saç ustalığını bacarıram. Bir neçə ildir, oğlan uşaqlarına müəllimlik də edirəm. Qadın üçün hansısa işin çətinliyi ola bilməz, əgər özü seçibsə... sadəcə kişi bərbərlərin qarşı cinsə paxıllığını görürəm, bunu deməliyəm.” 

Digər qəhrəmanım Zibeydə xanım yerli taksi xidmətlərindən birində işləyir. “Qadından yaxşı sürücü olarmı?” sualı ilə qarşılaşmasına baxmayaraq, bu günədək ciddi cərimələrinin olmadığını deyir: 
“Bir neçə dəfə olub ki, sərnişin sifariş verib və qadın olduğumu görüb “qadın niyə göndəriblər “gileyi ilə maşına minməyib. Bu məni heç üzməyib. Məncə, zamana ehtiyac var, düşüncələrin dəyişməsi üçün cəhdlər lazımdır”, Zibeydə xanım ümidlənir.

 

Milli stereotiplərlə “rəsmi” stereotiplər birləşəndə....
Bura qədər əhalinin məşğulluğunda hər iki cins üçün mövcud olan peşə stereotiplərinin ümidinə qalmış bir neçə məqama toxundum. Bir də bəzi qərarların daha çox qadınlara yönəlik “rəsmi” stereotipləri xatırlatmaq istəyərdim. Götürək, 1999-cu il 20 oktyabr NK-nin “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yerlatı işlərin siyahısının təsdiq edilməsi haqqında” qərarını. Qərara görə, 38 sahədə 678 iş yeri üzrə qadın əməyinin tətbiqi qadağandır. 
Qərardan 23 il keçib, texnoloji inqilab, innovativ və rəqamsal iqtisadiyyata keçid olub, qərar hələ də əl əməyi, kişi güc-qüvvətini tərif edir.

Qərar qadının əsasən fiziki ağırlığı olan işlərdə fəaliyyətinin mümkünsüzlüyünü ehtiva edir. Qadınların ağır sənaye, metal emalı, şaxta-tunel şəraitində kişilərdən fərqli zəif olduqlarını müdafiə edir. Buna bir qədər haqq vermək olar, 100-dən çox ölkədə belə məhdudiyyət var, bu sahələrə daha çox kişilər gedir və cəlb olunur. Bəs, həmin qərarda nəzərdə tutulan çörəkbişirmə, qənnadı, makaron istehsalatı, balıq emalı, dəri istehsalı, rabitənin bir çox sahəsi və başqa işləri ki, qadın da bacara bilər. Necə ki, bu gün suvaqçı, bənna, xəmiryoğuran, balıq çeşidlənməsi kimi işlərdə xeyli qadın işləyir.

Bu gün ən gözəl və nümunəvi qərarı “pozan”lardan biri də Bakı Metropoliteninin yeganə qadın maşinisti 28 yaşlı Günay Həbiblidir. Məlum qərar “14 oturacağı olan avtomobili qadın sürə bilməz” deyir, bizim maşinist xanım isə 100-lərlə sərnişin olan metro qatarını idarə edir. 

Nəzərə çatdırım ki,  NK-nin qərarı BMT-nin Baş Assambleyası tərəfindən  1979-cu ildə qəbul olunmuş Qadınlara qarşı  ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında   Konvensiyasının (CEDAW) birbaşa 11-ci maddəsinə ziddir, orada deyilir: 
 

“İştirakçı-dövlətlər məşğulluq sahəsində qadınlar barəsində ayrı-seçkiliyin ləğv edilməsi və əmək hüququ, işə götürülərkən eyni imkanlara malik olmaq, işin keyfiyyətinin qiymətləndirilməsinə bərabər yanaşma hüququ, sərbəst sənət və iş seçimi, sosial müdafiə və təminat hüququ da daxil olmaqla, bu sahədə bütün hüquqların təmin olunmasına çağırılır.” 

Axı, bir də ölkəmizin “Gender (kişi və qadınların) bərabərliyinin təminatları” haqıqında Qanunu (2006) var, həmin qanunvericilik də məlum qərarın dəyişikliyini tələb edir.

İqtisadçı Seymur Quliyevlə müsahibədə ekspert mövzu ilə  bağlı narahatlığını bölüşüb: “Qadınların məşğuluğunda müəyyən qərarlar qadın əməyini məhdudlaşdırır, bu qərarlar tamamilə yalnışdır. Gender bərabərliyi baxımından, qadınların da kişilər kimi görəcəyi işlər var. Qadınlara iş yerlərində qoyulan müəyyən kvotalar , onların iznlə sektor üzrə çalışması da kökündən məntiqsizdir. Bu qərarla və məlum reallıqlarla sözsüz ki, razı deyiləm. Qadın və kişini sadəcə cins fərqləndirir,  qabiliyyətlər fərqləndirmir. Misal üçün, bu gün qadınlar təyyarə idarə edirsə, kişilərlə birgə kosmosa uçursa başqa sahələrdə də niyə fərqlilik yaradılmalı, onların məşğulluğunda məhdudiyyətlər tətbiq olunmalıdır ki?”

İzn verin, bərabərləşək!
Bir də məşğulluqda  mövcud olan gender bərabərsizliyində iqtisadi və sosial rifah amili də var. Buna ən gözəl misal, təhsil müəsissələrindəki tədrisdə iştirak edən müəllim, pedaqoqların cinsə görə  paylanmasıdır. Baxmayaraq ki, cəmiyyətdə müəllimlik ixtisasi hər zaman “qadın peşələri”, “kişi sənətləri” kimi məntiqsiz bölgünün təsiri altında qalıb, amma bu gün də hər iki cins bu sənətdən küsmür.

Elm və Təhsil Nazirliyinə göndərdiyim sorğunun cavabına görə, 
ali təhsil müəsissələrində       - 6280 kişi, 7908 qadın,
orta ixtisas təhsildə             - 1170 kişi, 4908 qadın, 
peşə təhsili müəsissəsində   - 396 kişi, 1052 qadın,
ümumi təhsil məktəblərində -22 261 kişi, 120 011 qadın müəllim pedaqoq fəaliyət göstərir. 

Statistika aydın göstərir ki, bu sahədə gender bərabərliyi daha kəskin şəkildə orta məktəblərdə pozulub. Başqa sözlə, bu gün məktəblərdə şagirdlərimiz təlim, tərbiyə və təhsili demək olar ki, qadınlardan alır. İdarəetməyə gəlincə isə, qadınlar yenə də xeyli kənarda qalıb. Belə ki, 2021-ci ilin rəsmi statistikasına görə, məktəb direktorlarının 75, 5%-i kişidir. Ötən illər ərzində qadınlar bu fərqi öz xeyrinə yalnız 1,1%-ə qədər dəyişib.

Elə məktəb var ki, orada az qala direktordan başqa kişi müəllim yoxdur. Bu kəskin ayrı-seçkiliyin səbəbidir, kişilər müəllimə verilən aylıq məvaciblə razı deyillər, sevə-sevə müəllim işləyənlər isə sırf bu səbəbdən başqa sahəyə keçməli olurlar.
Qəhrəmanım Seymur İbrahimov bir neçə il əvvəl Lerikin ucqar kənd məktəbinin kreativ tədris tətbiq edən müəllimi kimi tanınmışdı. 

Amma nə baş verdi? Özü bu barədə belə deyir:
“Başqa işə keçməyimə səbəb müəllimin nüfuzunun yetərli olmaması, xırda anlaşılmazlıqda rəsmilərin müəllimə(kişilərə) töhmət verərək cəzalandırması, ən əsası işini sevən müəllimə verilən əmək haqqının digər peşələrə baxanda az olmasıdır. Bəlkə arzuladığım şərait olsa, sevdiyim işə qayıdaram.”


Seymur müəllim iki ildir ki, ayaqqabı modelyeri kimi fəaliyyət göstərir, dəridən kişi aksessuarları hazırlayıb satır. Yaratdığı “Khoja”( Hoca) imzası ilə. İmzası isə sənətinə qayıtmağa sanki işarə və ümiddir.
 

Haşiyə: Bu yaxında mənzilimin açarı evdə qalmışdı. Elə oldu ki, ikinci açarı həyat yoldaşımdan almalı idim və onun telefonuna həmin anda zəng çatmadı. Onun ara-sıra yoldaşları ilə oturduğu kafeyə  getməli oldum. Ora daxil olanda ancaq kişilərdən ibarət olan kafedə üzərimdə “sənin burada( qadın kimi) nə işin var” baxışlarını sezdim. Kafedə bir mən, bir də bir ofisiant xanım idi. Qapıda da “ofisiant qız tələb olunur”  elanı yazılmışdı. 


Bu yazı Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi "Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması" proqramı çərçivəsində təşkil edilən müsabiqəyə təqdim olunur.

Yazıda əks olunan fikirlər Avropa İttifaqının, BMT-nin Əhali Fondunun və layihə tərəfdarlarının mövqeləri ilə üst-üstə düşməyə bilər.

Raminə Eyvazqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı