Xəbərlər 31.01.2023 17:21 2106

“TEHRANDAKI AZƏRBAYCAN SƏFİRLİYİNDƏ TÖRƏDİLMİŞ ƏMƏL İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTDİR” – DR. SƏYYAD MƏCİDOV

" 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyində törədilmiş beynəlxalq cinayət əməli insanlıq əleyhinə cinayət kimi qiymətləndirilməlidir. Bu fikirləri Ədliyyə Nazirliyinin əməkdaşı, hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidov bildirmişdir. Qeyd edək ki, “Kalaşnikov” silahı ilə silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirdi, iki nəfəri yaraladı.

 

Dos. Dr. Səyyad Məcidovun sözlərinə görə, “Azərbaycanın diplomatik nümayəndəliyinə edilmiş silahlı hücum insanlığa qarşı törədilmiş cinayət əməli kimi qiymətləndirilməlidir. Çünki, bu cinayətlə bağlı detallar onu deməyə əsas verir ki, bu hüquqazidd akta İran hakimiyyət orqanları tərəfindən siyasi və mənəvi dəstək verilmiş, cinayətdə şübhəli bilinən şəxsi İran polisi və xüsusi xidmət orqanları cinayətə həvəsləndirmiş, hətta İranın dövlət televiziyaları tərəfindən ona xüsusi informativ və simpatik dəstək nümayiş etdirilmişdir.

 

Yeri gəlmişkən qeyd edim ki, ədliyyə naziri Fikrət Məmmədov tərəfindən İranın ədliyyə nazirinə edilmiş müraciətdə də ölümcül gücə malik avtomatik silahla törədilmiş, insan tələfatı və xəsarətləri ilə nəticələnən bu xain terror hücumu qətiyyətlə pislənilir və bu cinayət əməli insanlıq əleyhinə və beynəlxalq hüquq normalarına zidd əməl kimi qiymətləndirilmişdir.

 

Tehrandakı səfirliyimizdə törədilmiş bu cinayət əməlinə görə beynəlxalq hüquqda iki cür məsuliyyət müəyyən olunur: dövlət (siyasi) və cinayət (fərdi) məsuliyyəti.

 

Birincisi, bu əməli törətməklə İran dövlət olaraq 1961-ci il Diplomatik əlaqələr haqqında Konvensiyanın tələblərini kobud şəkildə pozub və beynəlxalq siyasi məsuliyyət daşıyır.

 

İkincisi, bu cinayətin insanlıq əleyhinə cinayət olmasını sübut edən digər fakt əməlin sistematikliyidir. Yəni bu, İran dövlətinin törətdiyi ilk cinayət deyil. Müxtəlif vaxtlarda anoloji cinayətlər ABŞ, Pakistan, Çin, Səudiyyə Ərəbistanı və s. ölkələrin Tehrandakı səfirliklərinə qarşı törədilib.

 

Başqa sözlə ifadə etsək bu, dövlət terrordur”.

 

“Digər bir məsələ isə ondan ibarətdir ki, bu cinayət işinin İran tərəfindən obyektiv aparılacağına şübhələr mövcuddur. Ona görə də, qoruyucu yurisdiksiya üzrə Azərbaycan dövlətinin maraqları üçün təhlükə törətdiyi və dövlətimiz üçün mənfi nəticələr yaratdığına görə cinayətin harda baş verməsindən asılı olmayaraq cinayət yurisdiksiyasını Azərbaycan həyata keçirməli və yacinayətin araşdırılması hər hansı üçüncü dövlət, yaxud da hibrid istintaq qurumu tərəfindən aparılmalıdır” deyə S.Məcidov bildirib


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı