Xəbərlər 26.04.2024 18:54 2850

Rəsmiyyə Sabirlə görüş 

Mədəniyyət və İncəsənət Universitetində şairlə görüş keçirilib

 

“Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” ilə əlaqədar Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun şöbə müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisadiyyat elmləri doktoru Rəsmiyyə Sabirlə görüş keçirilib.
Aprelin 25-də, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Tələbə Elmi və Yaradıcılıq Cəmiyyəti”nin təşkilatçılığı ilə universitetin Heydər Əliyev Mərkəzindəki tədbir öncəsi Dövlət himnimiz səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADMİU-nun “Tələbə Elmi və Yaradıcılıq Cəmiyyəti”nin sədri Ülkər Rzayeva qonağı və tədbir iştirakçılarını salamlayaraq görüşün məqsədindən danışıb. O deyib ki, müəlliflik hüququ təkcə ölkəmizdə deyil, bütün dünyada vacib məsələlərdən biridir. Kitabın, mütaliənin təbliğində, eləcə də müəlliflik hüququnun qorunmasında şair və yazarların rolunu vurğulayan Ü.Rzayeva bu mənada Rəsmiyyə Sabirin fikirlərinin gənc nəsil üçün xüsusi önəm kəsb etdiyini diqqətə çatdırıb.
Universitetin prorektoru Nizami Əsədov, Kitabxana-informasiya mərkəzinin əməkdaşı Natiq Mürsəlov, yazıçı-publisist Zakir Abbas Rəsmiyyə Sabirin yaradıcılığı barədə danışıblar. 
Qeyd olunub ki, R.Sabir təkcə Azərbaycanda deyil, Türk dünyasında tanınan şairlərdənir. O, Dünya Gənc Türk Yazarlar Birliyinin yaradıcılarındandır. 130-dan çox şeirinə mahnı bəstələnib. 2002-ci ildə sözlərinə yazılmış mahnılardan ibarət «Səni aradım» adlı audio albom işıq üzü görüb. Bir sıra (“Dəfnə ağacı”, “Məhkumlar”, “Uçurum”, “Bir qadın”, “İntizar”) serialların “ana” mahnısının sözlərini yazıb. “Həbs olunmuş sükut” (2003), “Rəngsiz göz yaşları” və “Kölgəsiz dar ağacları” (İraq, 2006), “Unutdun məni” (2009), “Sahilsiz adam” (Türkiyə, 2011), “Sonun başlanğıcı” (2018), “Zindan sevinci” (2021), “Sən birsən, Tanrım” (Özbəkistan) və “Yerlə göy arasında” (Türkiyə, 2023) adlı şeir kitabları nəşr olunub.
Görüşdə tələbələr Rəsmiyyə Sabirin şeirlərini səsləndirib, sözlərinə yazılan mahnıları ifa ediblər. 
Şair yaradıcılığı ilə bağlı iştirakçıların suallarını cavablandırıb, yeni şeirlərini səsləndirib.


 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı