Xəbərlər 09.03.2023 17:03 3982

Əməkdar artist Ruzə İbişova doğum gününü qeyd edir

Bu gün onun günüdür.

 

Əməkdar artist Ruzə İbişova doğum gününü qeyd edir.

 

Azərbaycan xanəndəlik məktəbinin adlı-sanlı ifaçıları sırasında layiqli yer tutan, xalq musiqisi və muğam ifaçılığında özünəməxsus dəst-xəttə, məlahətli səsə, şaqraq zənguləyə malik olan, ifası ilə ruha dinclik gətirən xanəndə, əməkdar artist Ruzə xanım İbişovanın bu gün doğum günüdür.

Ətirli bahar günündə - martın 10-da Ağdaşın Ləki qəsəbəsində dünyaya göz açan Ruzə xanım ilk ifaçılıq imtahanını 1984-cü ildə Ağdaş rayonunda keçirilən Yeniyetmələrin respublika baxış müsabiqəsinə qatılaraq dahi musiqiçi Niyazinin sədri olduğu münsiflər heyəti qarşısında verib. Bu, onun gələcək sənət fəaliyyətinə uğurlu keçid mərhələsi olmaqla yanaşı, həm də həyatını istiqamətləndirən ən parlaq bir gün olub. Sonralar muğam sənətinin incəliklərini Asəf Zeynallı adına Musiqi Məktəbində peşəkar muğam bilicisi,Əməkdar müəllim Nəriman Əliyev və Bakı Musiqi Akademiyasında xanəndə,Xalq artisti İslam Rzayevdən alaraq mükəmməl xanəndə kimi yetişmişdir. O, yeganə xanım xanəndədir ki, əsas yeddi muğam dəstgahını ("Humayun", "Bayatı-Şiraz", "Bayatı-kürd", "Şur", "Mahur-hindi", "Mizə Hüseyn segahı", "Cahargah", "Xaric segah"), həmçinin "Kəsmə şikəstə", "Heyratı" zərb muğamları, yüzdən artıq xalq və bəstəkar mahnılarını ifa etmişdir və bütün bunlar Azərbagcan Televiziya və Radiosunun Fondunda saxlanılır.

İfası ilə könülləri oxşayan, qəlbi riqqətləndirən Ruzə xanım uzun illərdir ki, bilik və bacarığını baş müəllim kimi çalışdığı mədəniyyət ocağında – Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin muğam sənəti kafedrasında - tələbələrinə aşılamaqla muğam ifaçılığına, ümumən isə mədəniyyətimizə böyük töhfə verməkdədir.

Bu gözəl gün münasibətilə dəyərli sənətkarımızı təbrik edir, ona yeni yaradıcılıq uğurları, sağlam və bərəkətli ömür arzulayırıq.

Xalqımızın tükənməz mənəvi sərvətini - muğamatımızı yaşatmaq üçün yaşayın və yaradın, sevimli sənətkarımız Ruzə xanım!

 Doğum gününüz mübarək olsun!

 

Ayiq SƏMƏDOV

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı