Xəbərlər 03.06.2023 16:38 1619

TƏBİB-də Ümumdünya Hemofiliya Federasiyasının prezidenti ilə görüş keçirilib

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Ümumdünya Hemofiliya Federasiyasının (WFH) prezidenti Sezar Qarridonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Görüşdə Dünya Hemofiliya Federasiyasının Qlobal İnkişaf üzrə direktoru Salome Mekhuzla, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədr müavini Yeganə Tağıyeva, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov və TƏBİB-in müvafiq departamentlərinin rəhbərləri iştirak ediblər. 

 

Hemofiliyalı və talassemiyalı irsi qan xəstəliyinin daşıyıcısı olan xəstələrin müalicəsi, xəstəlik daşıyıcılarına multidisiplinar yanaşma, TƏBİB-in tabeli tibb müəssisələrində tətbiq edilən müalicə metodları, yaradılan şəraitlə bağlı görüşdə müzakirələr aparılıb. 

 

Görüşdə multidisiplinar yanaşma tələb edən xəstəliyin müasir müalicə metodlarından istifadə yolu ilə həm fizioterapevtlərin, həm də orta tibb personalının və psixoloqların cəlb olunmasıyla erkən müalicənin vacibliyi qeyd olunub. Eyni zamanda dinamik və intensiv müalicənin əhəmiyyəti vurğulanıb. 

 

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Azərbaycanda bu xəstəliklərin daşıyıcısı olan şəxslərlə bağlı həyata keçirilən Dövlət Proqramları, Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən göstərilən dövlət qayğısı barədə qonaqlara ətraflı məlumat verib. İcraçı direktor qeyd edib ki, irsi qan xəstəliyinin daşıyıcısı olan pasiyentlərə fərdi yanaşma metodu tətbiq olunmalıdır. Bu, xəstəliyin zamanında düzgün müalicəsinin təmin edilməsi üçün vacib amildir. 

 

Azərbaycanda sözügedən xəstəliklərin müalicəsi üzrə həyata keçirilən işləri yüksək qiymətləndirən Ümumdünya Hemofiliya Federasiyasının prezidenti Sezar Qarrido bildirib ki, müalicə protokolları yenilənib, yerli həkimləri təlimlərə cəlb etmək yolu ilə onların yeni protokollara adaptasiyasını təmin etmək olar. 

 

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov isə çıxışında beynəlxalq müalicə protokollarının Azərbaycan dilinə tərcümə olunduğunu və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində tibb işçiləri üçün təlimlərin təşkilinə dəstək ola biləcəklərini vurğulayıb.

 

Hemofiliya Azərbaycan \ Hemophilia Azerbaijan

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı