Xəbərlər 06.06.2023 15:40 2498

Rusiya hakimiyyətindən müharibə təbliğatçılarına  250 milyon dollar QRANT DƏSTƏYİ

Rusiya Prezidenti Administrasiyasına bağlı İnternetin İnkişafı İnstitutu 2023-cü ildə “vətənpərvər” ruhlu saytların qurulması üçün qrant kimi 20 milyard rubl (təxminən 250 milyon dollar) ayırıb.

QHT.az bildirir ki bu barədə Musavat.com “Meduza” portalına əsasən məlumat yayıb.

Müqayisə üçün qeyd edək ki, Rusiya Film Fondu bu il 12 milyard rubl alıb.

2014-cü ildə yaradılan İnternetin İnkişafı İnstitutuna prezident administrasiyasının keçmiş əməkdaşı Aleksey Qoreslavski rəhbərlik edir. Qurumun əsas məqsədi rusiyalılara “hərbi-vətənpərvərlik tərbiyəsi” və “hakimiyyətin gündəmini təbliğ etmək” üçün qrantların verilməsidir.

İnternetin İnkişafı İnstitutu qara təbliğatçı Anton Krasovskinin proqramlarının, eləcə də “Russia Today” dövlət televiziya kanalında silsilə verilişlərin hazırlanması üçün böyük vəsaitlər ayırıb.

Qrant müsabiqələrinin qaliblərini Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenko, Rusiya Prezidenti Administrasiyasının ictimai layihələr üzrə rəhbəri Sergey Novikov, Dövlət Dumasının Mədəniyyət komitəsinin sədri Yelena Yampolskaya, Aleksey Qoreslavski və RT-nin baş redaktoru Marqarita Simonyanın daxil olduğu Müşahidə Şurasının üzvləri təsdiqləyir.

İnternetin İnkişafı İnstitutu iyunun 2-də “milli məzmun”un yaradılması üzrə müsabiqənin nəticələrini dərc edib. 10 milyard rubl 163 qalib layihəyə (keçən il 3 milyard rubl 100 qalib arasında bölünüb) veriləcək. İnstitut layihələrin müəlliflərini göstərməsə də, qrant alan proqramların adlarını açıqlayıb. Qalib layihələr arasında Donbasdakı memarlıq abidələrinin taleyindən bəhs edən “Ramzan. Axmat - Rusiyanın gücü”, “Rusiya Məcəlləsi. Suveren gələcək” və “Rus irsi. Vətənə qayıt” sənədli filmi var. Bundan başqa, qadın hərbçilərdən bəhs edən “Z Qadınlar”, “SVOi” və “Cəbhəyə gedələr, orda necəsiz?” layihəsinə qrantlar verilib.

Layihəni udanlarla ayrıca müqavilələlər imzalanır və onlara bir sıra xəbərdarlıqlar edilir.

Həmin sazişlərdə qalib gələnlərə sosial şəbəkələr də daxil olmaqla, hakimiyyətin hər hansı ictimai tənqidi yasaqlanır və bu şərtin pozulmasına görə çəkiliş qrupunun layihənin büdcəsinə uyğun cərimə ödəməli olduğu bildirilir.

Musavat.com


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı