Xəbərlər 20.02.2024 20:22 1745

QHT sədri: Qərbin Azərbaycanla bağlı əsassız fikirləri Münxendə bir daha alt-üst edildi

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında budəfəki iştirakı bir çox məqamları ilə diqqət çəkdi. Azərbaycan Prezidentinin bu tədbirdə iştirakına maraq hər zaman böyük olub, keçirilən görüşlərdən və aparılan müzakirələrdən belə qənaətə gəlmək olar ki, Qərb bu dialoq platformasına dünyanın sayılıb seçilən, dünya siyasətinin formalaşmasında həlledici rola malik ölkə rəhbərlərini və siyasi xadimləri dəvət edir. Dövlətimizin başçısının bir siyasi xadim kimi rolu təkcə bizim ölkə və regionla məhdudlaşmır, eyni zamanda, qlobal xarakter daşıyır. Bu isə qlobal siyasətdə Azərbaycana olan tələbin getdikcə artmasından xəbər verir. Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı guya Azərbaycanın Qərbdən imtina etməyə çalışması kimi səslənən bəzi əsassız fikirləri bir daha alt-üst etdi və sübut etdi ki, Azərbaycan hər zaman dialoqa və əməkdaşlığa hazır ölkədir və çoxvektorlu xarici siyasət yürüdür.

 

QHT.az bildirir ki,  bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.

 

QHT sədri bildirib ki, konfransa ev sahibliyi edən Almaniya Federativ Respublikasının Prezidenti Olaf Şolts və digər rəsmilər Prezident İlham Əliyevi çox böyük hörmətlə qarşılayır və söhbətlər aparırdı. Bu xüsusda Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin Münxendə keçirilən budəfəki görüşünü Qərbin daha çox vasitəçilik təşəbbüsü kimi deyil, görüş üçün münbit ortamın yaradılması kimi də qəbul etmək olar. Prezident İlham Əliyev də hər zaman vurğulayıb ki, görüşlərə və dialoqa hazırdır və bunu hansısa vasitəçilik institutu çərçivəsində deyil, qeyri-formal mühit formasında etmək daha məqsədəuyğun olardı. Bununla bağlı Gürcüstan təcrübəsi də var və Azərbaycan Prezidentinin inauqurasiya mərasimində də vasitəçilərin bu missiyanı həyata keçirərkən tam bitərəf olmadığını hər zaman sezmişdir və məhz bu amilə görə erməni tərəfi hər zaman vasitəçi axtarışında olmuşdur.

V.Əhmədovun fikrincə, elə buna görə Prezident İlham Əliyev Münxendə ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdə Minsk qrupunun ləğvi məsələsinin artıq zamanının çatdığını qeyd etdi. Münxen Təhlükəsizlik Konfransındakı ab-havaya və keçən görüşlərə nəzər salsaq, məhz bu sindromun aradan qaldırıldığını sezmək mümkün idi. Qərb artıq qəbul etməyə başlayıb ki, haqlı tərəf Azərbaycandır və bu, hər zaman belə olub. Bu, bizim dövlətin böyüklüyüdür ki, Ermənistan tərəfi dəfələrlə sərhəddə atəşkəsi pozmasına və təxribat törətməsinə baxmayaraq, yenə də danışıqlara yeni bir şans verib. Görüşlərin xarakterinə diqqət etsək görərik ki, əksər görüşlər məhz qarşı tərəfin müraciəti əsasında baş tutub. Qlobal təhlükəsizliyin indi bir nömrəli məsələ olduğu bir zamanda regionda söz sahibi olan Azərbaycan və onun Lideri ilə belə əhəmiyyətli görüşlərin keçirilməsi ölkəmizin qlobal səviyyədə artan nüfuzunun və hörmətinin göstəricisidir.

 

“Müasir dövrdə ölkələrin gücü yalnız sərhədləri və əhali sayına görə deyil, apardığı uğurlu xarici siyasəti və dünyada gedən qlobal siyasi proseslərə təsir etmək imkanına görə ölçülür. İndi tam əminliklə demək olar ki, Azərbaycan qlobal güc mərkəzlərinə təsir etmək gücündə olan bir ölkədir və dünyanın aparıcı liderləri İlham Əliyev şəxsiyyəti ilə hesablaşır və ondan məsləhətlərini alırlar. Bu isə Azərbaycanın orta güc və yaxud regional güc mərkəzi olduğunu deməyə əsas verir. Belə güc mərkəzlərini nümunə kimi Yaxın Şərq regionunda İsrail və BƏƏ olaraq göstərmək olar. Məsələnin ən önəmli tərəfi isə ondan ibarətdir ki, Azərbaycan hər zaman bu gücü xeyirli işlərə, sülhə, sabitliyə və regional inkişafa sərf etmişdir. Məhz bu səbəbdəndir ki, hətta bir-biri ilə münaqişə vəziyyətində olan ölkələr və tərəflər hamısı Azərbaycanı özünə dost və tərəfdaş bilib və ona etibar ediblər. Münxen görüşlərində də biz fərqli siyasi qütblərdən olan mərkəzlərin Azərbaycan Prezidenti ilə necə mehribanlıqla və səmimiyyətlə görüşdüyünün şahidi olduq. Azərbaycan hər zaman barışdırıcı və ziddiyyətli siyasi qütblərin bir araya gəldiyi məkan olub”, - deyə Vüqar Əhmədov vurğulayıb.

Dünyanı münaqişələr qədər narahat edən iqlim dəyişmələri mövzusuna diqqət çəkən QHT sədri deyib: “Bu mötəbər tədbirin keçirilməsini bu dəfə dünya Azərbaycana həvalə etdi. Azərbaycan hər zaman münaqişələrin, işğalın, kolonializmin və islamofobiyanın əleyhinə çıxış edib və bunu öz siyasətində əyani şəkildə nümayiş etdirib. İndi dünya üçün aktual əhəmiyyət kəsb edən və BMT çətiri altında keçiriləcək iqlim dəyişmələri ilə bağlı COP29 və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etmək rəsmi Bakıya həvalə olunub. Bütün bunlar Azərbaycanın çoxtərəfli uğurlu diplomatiyasından və dünya birliyində artan rolundan xəbər verir. Bu gün Azərbaycan Avropada kök salmış islamofobiya və kolonializm kimi mənfi tendensiyalardan qurtulmaq və Şərq-İslam dünyası ilə dialoq və anlaşma mühitində olmaq üçün ideal ölkələrdən sayıla bilər və COP29 tədbirinə bir də bu prizmadan da baxmaq faydalı olardı. Bu tədbirlər dünyanın ən mötəbər tədbirləri sayıldığından əminliklə deyə bilərik ki, Azərbaycan qlobal arenada böyük etimad qazanmış ölkələrdəndir. Bunu qarşı tərəfin müraciəti əsasında Prezident İlham Əliyevlə Münxen konfransında görüşmüş ABŞ Dövlət katibi Blinken də öz çıxışında vurğulayıb. Budəfəki Münxen konfransında, eyni zamanda, Prezident İlham Əliyevin “The Rockfeller Foundation”ın baş vitse-prezidenti xanım Eylin Okonnor, ABŞ-ın nüfuzlu siyasət adamlarından olan Con Kerri və digər nüfuzlu şəxslərlə görüşü ölkəmizin artan nüfuzundan xəbər verir”.

 

Vüqar Əhmədov əminliklə vurğulayıb ki, Azərbaycanın xarici siyasəti qlobal xarakter daşıyır, dünya siyasətində mühüm yer tutur və bu reallıqların əsas müəllifi Azərbaycanın dünyadakı nüfuzunu hər zaman yüksəldən Prezident İlham Əliyevdir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı