Xəbərlər 08.04.2024 09:17 1661

QHT UNEC-də maarifləndirici dəyirmi masa təşkil edib - FOTOLAR

“Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyi (MİDİB) icra etdiyi "Ali təhsil müəssisələrində inklüziv peşə hazırlığı mərkəzlərinin təşkilinin təşviqi" adlı layihəsi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnklüziv Təhsil Mərkəzi ilə birlikdə aprelin 5-də universitetin müəllim və tələbələri üçün maarifləndirici dəyirmi masa təşkil edib.

QHT.az xəbər verir ki, tədbiri UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova açıq elan edib. O, tədbir iştirakçılarını salamladıqdan sonra rəhbərlik etdiyi mərkəzin fəaliyyəti, görülmüş və görülən işlər haqqında məlumat verib. S.Məhsimova çıxışında ictimai birlik tərəfindən icra olunan layihənin aktuallığını və gələcəkdə hər bir Ali Təhsil Müəssisəsi (ATM) nəzdində qurulması mümkün olan inklüziv peşə hazırlığı mərkəzinin faydalı bir struktur ola biləcəyini xüsusilə qeyd edib. O, ölkəmizdə bu cür mərkəzlərin təşkilinin və fəaliyyətinin əhəmiyyətini, həmçinin cəmiyyətimizin daha da inklüziv və inkişaf etmiş olmasına təkan verəcəyini də əlavə edib.

Sonra MİDİB-in icraçı direktoru və sözügedən layihənin rəhbəri Arif Nəcimov ictimai birliyin fəaliyyəti və icra olunan layihə haqqında çıxış edib. O, layihənin məqsədi, vəzifələri, BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) içərisində bəzi məqsədlərin inklüziv peşə hazırlığı mərkəzləri ilə əlaqəsindən, həmçinin layihənin icrası müddətində nəzərdə tutulmuş növbəti tədbirlər barəsində dəyirmi masa iştirakçılarına ətraflı məlumat verib. A.Nəcimov qeyd edib ki, layihənin məqsədi ölkəmizin sosial baxımdan həssas əhali qrupunun üzvləri, həmçinin Əlilliyi Olan Şəxslərin (ƏOŞ) məşğulluğunun təmin olunmasında müəyyən peşələrin ATM-də inklüziv peşə hazırlığı mərkəzlərinin sosial sahibkarlıq (biznes) modeli əsasında təşkilinin əhəmiyyətini təşviq etməkdir.

Layihənin vəzifələrindən danışan A.Nəcimov əlavə edib ki, ƏOŞ-lərin daha inklüziv fiziki və sosial mühitdə yaşamaları, təhsil almaları və müəyyən peşə öyrənib bir fərdi sosial sahibkar və ya hər hansısa təşkilatda işçi kimi çalışmalarını təmin etmək üçün bəzi peşəkar mütəxəssislərin (sosial işçilərin, pedaqoqların, mühəndislərin, iqtisadçıların, uyğun QHT-lərin və sosial sahibkarlıqla məşğul olanların), həmçinin elmi-tədqiqatçıların diqqətini sözügedən məsələyə çəkməkdir.

Çıxışlar tədbirdə iştirak edən UNEC-in müəllimlərinin və tələbələrin cari layihə barədə müəyyən rəylərin və təkliflərin müzakirəsi ilə davam edib. Yekunda layihənin rəhbəri əlavə edib ki, sözügedən layihə çərçivəsində maarifləndirici dəyirmi masalar digər ATM-də də təşkili nəzərdə tutulub, həmçinin toplanmış rəylər və tövsiyyələr Elm və Təhsil Nazirliyi ilə digər aidiyatı dövlət təşkilatlarına təkliflər paketi kimi hazırlanıb təqdim olunması da planlaşdırılıb.

Sözügedən layihənin icra olunmasında və təşkil olunacaq növbəti tədbirlərdə ATM-lərdən başqa bütün maraqlı və uyğun olan hər bir vətəndaş, fiziki və ya hüquqi şəxs MİDİB ilə (eMail: [email protected]) əlaqə saxlaya bilər. Tədbirlərdə iştirak etmək və ya MİDİB ilə əməkdaşlıqda maraqlı olan hər bir şəxs e-mail ilə ictimai birliyə müraciət edə bilər.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı