Xəbərlər 10.04.2024 12:09 4733

Azərbaycan QHT-lərindən dünyaya Metsamor çağırışı

Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri bu yaxınlarda Brüsseldə keçirilən Nüvə Enerjisi Sammitinin həmsədrlərinə - Belçikanın Baş naziri Aleksandr De Krooya və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossiyə açıq məktub göndəriblər. Məktubda Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri, elm xadimləri Nüvə Enerjisi Sammitinin rəhbərliyini Ermənistanın qəza vəziyyətində olan, istismar müddəti çoxdan başa çatmış Metsamor Atom Elektrik Stansiyasının törətdiyi qlobal təhlükəyə diqqət yetirməyə, bu stansiyanın fəaliyyətinin dərhal dayandırılması barədə Ermənistan hökuməti qarşısında məsələ qaldırmağa çağırıblar.

 

"Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova deyib ki, Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyəti regionda ətraf mühitə və əhalinin sağlamlığına ciddi təhlükə yaradır. Bu səbəbdən də Cənubi Qafqaz ekoloji böhranla qarşı-qarşıya qalıb. Ermənistan ərazisində yerləşən Metsamor AES 1976-cı ildən etibarən köhnəlmiş texnologiyalar əsasında fəaliyyət göstərir. Ermənistanın iqtisadi, siyasi və dövlət idarəçiliyində qeyri-müəyyənlik Metsamor AES-in fəaliyyətini daha təhlükəli formaya gətirir və istismara yararsız hesab edilməyinə baxmayaraq, öz işinə davam etməsi regiondakı vəziyyəti daha da gərginləşdirir.

 

G.Səfərova bildirib ki, dünya ictimaiyyəti 1986-cı ildə baş vermiş Çernobıl qəzasının, həmçinin 2011-ci ildə Yaponiyanın Fukusima AES-də baş vermiş qəzanın nəticələrini indiyədək aradan qaldıra bilməyib.

QHT sədri həmin qəzaların ağır nəticələrini insanların hələ də hiss etdiklərini təəssüflə qeyd edərək deyib: "Metsamor AES-in də ekoloji fəlakət doğurması ehtimalının böyük olduğu və fəaliyyətinin dayandırılması ilə bağlı beynəlxalq təşkilatlara müraciətlərə əhəmiyyət verilməməsi Ermənistan rəhbərliyinin məsuliyyətsizliyi və müstəqil siyasi qərarvermə iqtidarında olmadığını sübut edir. Eyni zamanda, ehtimal edilən ekoloji faciənin Türkiyə və Azərbaycan üçün ciddi təhlükə olması təhdid-təzyiq vasitəsi kimi də qəbul edilə bilər. Lakin regionda Metsamor AES-də baş verə biləcək nüvə təhlükəsi Rusiya, Mərkəzi Asiya ölkələri, Xəzər dənizi, Qara dəniz bölgəsinə ciddi təsir edəcək. Ərazi bütövlüyümüzün təmin edilməsi, Azərbaycanın regionda güc sahibinə çevrilməsi yaşadığımız dövrün ən önəmli məsələsinə - ətraf mühitin mühafizəsinə diqqətimizi yönəltməyə əsas verib. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Eyni zamanda, ölkəmizin COP29-a ev sahibliyi etməsi regionda ətraf mühitə təhlükə yarada biləcək məsələləri gündəmə gətirir".

Son illər vətəndaş cəmiyyəti institutlarının hər sahədə aktiv fəaliyyət göstərdiyini və regionda yeni reallıqları nəzərə alaraq təsir qüvvəsinə malik olduğunu vurğulayan G.Səfərova əlavə edib: "Bunu nəzərə alaraq, Metsamor AES-in real təhlükəsi barədə Brüsseldə keçirilən Nüvə Enerjisi Sammitinin həmsədrləri - Belçikanın Baş naziri Aleksandr De Krooya, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoru Rafael Mariano Qrossiyə müraciət edilib. Müraciətin əsas məğzi Ermənistanda qəza vəziyyətində olan, istismar müddəti çoxdan başa çatmış Metsamor AES-in törətdiyi qlobal təhlükəyə diqqət yetirməyə, bu stansiyanın fəaliyyətinin dərhal dayandırılması barədə Ermənistan hökuməti qarşısında məsələ qaldırmağa sövq etməkdir. Ümid edirəm ki, ətraf mühitin mühafizəsi fəaliyyətlərinin əsas hədəfi olan beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti regionda real təhlükəni görüb qlobal səyləri gücləndirərək Ermənistan hakimiyyətini Metsamor AES-in fəaliyyətini dayandırmağa məcbur edəcək".

 

"Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, politoloq Zaur İbrahimli Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyətinin region üçün ciddi təhlükə olduğunu bildirib. QHT sədri qeyd edib ki, Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri Nüvə Enerjisi Sammitinin rəhbərliyinə açıq məktubla müraciət etməklə Ermənistandakı Metsamor AES-in region ölkələri üçün təhlükə mənbəyi olaraq qaldığını elmi sübut və dəlillərlə bir daha onların diqqətə çatdırıblar. Onun sözlərinə görə, Metsamor AES-in yaratdığı təhlükə ilə əlaqədar aşkar dəlillərə baxmayaraq, Ermənistan yalan hesabatlar verir: "QHT nümayəndələrinin məktubunda artıq istismar müddəti bitmiş, müasir təhlükəsizlik standartlarına cavab verməyən, köhnəlmiş texnologiyaların istifadə edildiyi Metsamor AES-in potensial nüvə qəzası mənbəyi olaraq qalması, eyni zamanda hər gün bölgənin ekologiyasına vurduğu ziyan, bölgənin içməli su mənbələrini zəhərləməsi və insanların sağlamlığına, təbiətə ciddi fəsadlar verməsi Nüvə Enerjisi Sammitinin iştirakçılarına xatırladılıb".

O bildirib ki, Azərbaycan vətəndaş cəmiyyəti dəfələrlə Metsamor AES-lə bağlı problemləri, region və bütün dünya üçün potensial təhlükə mənbəyi kimi qalmasını beynəlxalq birliyin diqqətinə çatdırıb: "Hesab edirəm ki, bütün dünyanın ətraf mühit problemlərinin həlli üçün həmrəylik nümayiş etdirdiyi, səylərini artırdığı bir zamanda COP29-un Azərbaycanda keçiriləcəyi ərəfədə bu problem kölgədə qala bilməz və qalmamalıdır. Xüsusən yaxın keçmişdə nüvə qəzaları ilə əlaqədar əldə edilmiş acı təcrübə beynəlxalq birliyə bu məsələyə daha diqqətlə yanaşmağa vadar etməlidir. Bu qəzalar Avropa İttifaqında və bütün dünyada AES-lərin tikilməsi və istismarına baxışı dəyişmiş, təhlükəsizlik, ətraf mühitin qorunması ilə əlaqədar standartların daha da sərtləşdirilməsinə səbəb olub. Bu baxımdan Metsamor AES-in fəaliyyəti real olaraq böyük risk daşıyır və Ermənistanın məsuliyyətsiz siyasəti, beynəlxalq qurumların, ixtisaslaşmış təşkilatların laqeyd münasibəti region ölkələrini təhlükəyə atır".

 

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərlinin dediyinə görə, Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti Ermənistanın beynəlxalq hüquqi öhdəlikləri ilə ziddiyyət təşkil edir.

QHT sədri bildirib ki, Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri, elm xadimləri Brüsseldə işə başlayan Nüvə Enerjisi Sammitinin həmsədrləri - Belçikanın Baş naziri Aleksandr De Krooya, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossiyə müraciət ediblər. Müraciət edənlər Ermənistanın qəza vəziyyətində olan, istismar müddəti çoxdan başa çatmış Metsamor Atom Elektrik Stansiyasının törətdiyi qlobal təhlükəyə diqqət yetirməyə, bu stansiyanın fəaliyyətinin dərhal dayandırılması barədə Ermənistan hökuməti qarşısında məsələ qaldırmağa çağırıblar: "Məsələnin beynəlxalq hüquqi tərəfinə gəldikdə, Ermənistan Respublikasının bu əməlləri Nüvə Silahlarının Yayılmaması Müqaviləsi ilə bağlı təminatların tətbiq edilməsi barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə Ermənistan arasında imzalanmış Saziş, Nüvə Materiallarının Fiziki Mühafizəsi haqqında Konvensiya və ona Düzəliş, Nüvə Təhlükəsizliyi haqqında Konvensiya, Nüvə Terrorizmi fəaliyyətinə qarşı Beynəlxalq Konvensiya, AEBA-nın "Radioaktiv Mənbələrin Təhlükəsizliyi üzrə Davranış Məcəlləsi" və "Radioaktiv Mənbələrin İxracı və İdxalı Qaydaları", habelə BMT Təhlükəsizlik Şurasının nüvə, kimyəvi və bioloji silahlar və onların çatdırılma vasitələrinın yayılmasının qarşısının alınması barədə 1373 və 1540 saylı qətnamələri çərçivəsində Ermənistanın öhdəlikləri ilə ziddiyyət təşkil edir. 1540 saylı BMT TŞ-nin qətnaməsində dövlətlərin nüvə materiallarının fiziki təhlükəsizliyi, onların qeyri-qanuni yayılması və ticarətinin qarşısının alınmasına dair öhdəlikləri var.

 

Köhnə texnologiya ilə işləyən, 9.5 ballıq seysmik zonada 1976-cı ildə inşa edilmiş, cəmi 8 bala hesablanmış Metsamor Atom Elektrik Stansiyası Cənubi Qafqazda atom faciəsi təhlükəsi yaradır. O, sovetlər dönəmində qurulmuş, avadanlığı köhnəlmiş bir obyektdir. Orada qəzanın baş verməsi ehtimalı çox böyükdür".

QHT sədrinin sözlərinə görə, "Metsamor" AES təkcə Cənubi Qafqaz bölgəsi deyil, daha böyük ərazi üçün təhlükə mənbəyidir. Burada baş verə biləcək qəza daha geniş əraziyə təsir edəcək. Bu stansiya Azərbaycan üçün də çox böyük təhlükə mənbəyidir: "Azərbaycan hökuməti, vətəndaş cəmiyyəti təsisatları indiyədək beynəlxalq təşkilatlara bu təhlükə haqqında dəfələrlə xəbər verib, bu gün də haqlı olaraq onun bağlanmasını tələb edir".

 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev deyib ki, 50 ilə yaxın yaşı olan Metsamor Atom Elektrik Stansiyası bu gün Azərbaycan, Türkiyə, Ermənistan və bütün region üçün böyük təhlükə mənbəyidir. Çox təəssüf ki, hər ötən gün bu risk artır və bu prosesi dayandırmaq üçün ciddi şəkildə tədbir görən hələ də yoxdur. Sanki göz görə-görə ikinci Çernobıl hadisəsinə doğru gedirik: "Dəfələrlə bununla bağlı müraciətlər edilməsinə baxmayaraq, Ermənistan hələ də bu stansiyanın fəaliyyətini dayandırmaq niyyətində deyil, əksinə, onun maye tullantılarını transsərhəd çayı olan Araza axıtmaqla birbaşa cinayət etməkdədir. Düşünürəm ki, stansiyanın fəaliyyəti beynəlxalq cinayətdir, terror aktıdır. Nəinki qonşu ölkələr, o cümlədən, bütün region üçün təhdid və hədə-qorxu silahıdır. AES təhlükəsinin oxşar ciddiliyi və eyni mənbədən yaranmasıdır. Bütün bunlar təsadüfi deyil və Ermənistanın terrorçu niyyətinin əsas hissəsidir".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı