Xəbərlər 07.05.2024 09:34 1728

Əlilliyi olan şəxslərin cəmiyyətdə tam iştirakı üçün maariflənmə və inklüzivlik- QHT sədrinin müşahidələri

“Bu gün əlilliyi olan şəxslərin cəmiyyətdə iştirakı gözlə görülən dərəcədə müsbətə doğru dəyişib. Dövlət tərəfindən bir çox qanunlar, təkliflər məhz sosial həssas əhali qruplarının cəmiyyətə əlçatanlığının təmin edilməsi üçün qəbul edilir. Sadəcə bəzi yazılı qanunların işlək mexanizimində hələ də  problemlər mövcuddur”.

Bu fikirləri "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" (ENMŞSY) İctimai Birliyinin sədri Cəmilə Abdulova QHT.az-a açıqlamasında bildirib. Onun fikrincə əlilliyi olan şəxslərin cəmiyyətdə tam iştirakını təmin etmək üçün ilk növbədə ailələrin maariflənməsi çox vacibdir. Cəmiyyətdə formalaşaraq iştirak etmək üçün məktəbəqədər təhsil sistemindən başlamağın daha gözəl olduğunu qeyd edən QHT sədri əsas məktəb, peşə, ali təhsil müəssisələrinin,  bütün kateqoriyadan olan əlilliyi olan şəxslərə müəssərliyini təmin etmək olduğunu da bildirib: “Müəssərlik dedikdə təkcə infrastruktur deyil, dərs vəsaitləri, müəllimlərin əlilliyi olan şəxslərlə yanaşması , dərs proqramları və ümumilikdə  mühitin əlçatanlığından söhbət gedir. Əlilliyi olan şəxsləri peşə kurslarına cəlb edənlər, keçdikləri kursa uyğun istiqamətdə onların işlə təmin olunmasına yaxından dəstək olmalıdır. Təşkilatımızın istiqamətini nəzərə alaraq demək istərdim ki, eşitmə məhdudiyyətli şəxslərin böyük bir hissəsi təhsil aldıqdan sonra işlə təmin olmaqda çətinlik çəkirlər. “Onları cəmiyyətdə tam iştirakını təmin etmək üçün nə etmək olar?” sualınıza cavab olaraq bildirmək istərdim ki, onları işlə təmin etmək lazımdır. İşlə təmin olunan insanın iş rejimi birbaşa onun cəmiyyətə inteqrasiya olunmasına dəstəkdir”.

Cəmilə Abdulova həmçinin qeyd edib ki, Azərbaycan Dövləti 2008-ci ilin oktyabr ayında Prezident cənab İlham Əliyevin verdiyi qərara əsasən  Azərbaycan Respublikası, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyasına qoşulub. O, Konvensiyaya qoşulan iştirakçı dövlətlərin əlillərin hüquqları ilə bağlı öhdəlikləri olduğunu da vurğulayıb: “Konvensiyanın 8-ci maddəsi məhz əlilliyi olan şəxslərin hüquqları ilə bağlı cəmiyyəti maarifləndirməkdir. Biz təşkilat olaraq eşitmə məhdudiyyətli əlilliyi olan şəxsləri ailə səviyyəsində maarifləndirməsi daxil olmaqla, bütün cəmiyyətin əlilliyi olan şəxslərlə bağlı məsələlərində maariflənməsini yüksəltmək və əlilliyi olan şəxslərin hüquqlarına və ləyaqətinə hörmət olunmasını möhkəmləndirmək üçün il boyu müxtəlif ictimai- maarifləndirmə tədbirləri, əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgilər,  mədəni kütləvi konsert proqramları həyata keçiririk. Əlilliyi olan şəxslərin potensialını və töhfəsini təbliğ etməklə biz cəmiyyətdə əlilliyi olan şəxslər haqqında müsbət təsəvvürlərin təşviqini və onların cəmiyyət tərəfindən daha dərindən başa düşülməsinə nail oluruq. Əlilliyi olan və ya olmayan ailələr arasında inklüzivliyin dərki prinsipi ilə tərbiyyəvi-tanışlıq gəzinti turları da təşkil edirik ki, bu da ailələrin maariflənməsində çox gözəl təsir edir. Maddi durumu onu ələbaxımlı olmaqdan çəkindirir. O, işləyərək özünün maddi durumunu düzəldir. İctimai dəstəyi onu əhatə edən iş mühüti, kollektivi olur. Təbii ki, əlilliyi olan şəxslərin formalaşması üçün ilk addım ailədən başlasa da, ailənin özünə belə ictimai dəstəyin olması çox vacibdir”.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı