Xəbərlər 07.05.2024 15:16 1639

QHT sədri Jest dilinin maarifləndirilməsi və inkişafından danışdı

"Jest dili, başqa dillərdə olduğu kimi bir ünsiyyət dilidir. Sadəcə Jest dilində danışmaq üçün ünsiyyət vasitəsi olan dildən yox əllərdən istifadə olunur. Jest dili təkcə eşitmə məhdudiyyətlilər üçün deyil. Bu dili onların ailə üzvləri, onlarla ünsiyyət quran hər bir kəs bilməlidir. Jest dilini öz ana dili kimi istifadə edən tam eşitmə məhdudiyyəti olan uşaqlar, bağça yaşından bu dili öyrənməyə başlayır".

Bu sözləri "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyinin sədri Cəmilə Abdulova QHT.az -a jest dilinin və digər alternativ ünsiyyət üsullarının təhsili və istifadəsi ilə bağlı açıqlamasında bildirib. O, cəmiyyətdə bu sahədə maarifləndirməni necə artırmaq olar? sualımıza cavab olaraq qeyd edib ki, artıq 1-ci sinifdən dərsliklərində Jest dili ilə tanış olmağa başlayaraq dili mənimsəyir, ailədə bu dildən istifadə etməyən valideyinlərə Jest dili yad gəlir və uşaqları ilə ünsiyyət qurmaqda çətinlikləri yaranır: "Sevindirici haldır ki, son zamanlar eşitmə məhdudiyyəti olmayan insanlar arasında bu dilə maraq olduqca artıb. Maariflənərək öyrədilən hər bir işdən gözəl nəticə əldə etmək olar. Təbii ki, Jest dilinin təhsili ən mühüm məsələdir. Ən vacib məsələ Jest dilində yuxarı sinif dərsliklərin olmamasıdır. Biliklərin və sosial inkişafın mənimsənilməsinə maksimum kömək edən şəraitdə, səmərəli tədbirlər görülməlidir. Maarifləndirmə işləri televiziyalarda sosial çarxlar, verlişlərin tərcüməsinə Jest dili tərcüməçiləri cəlb etmək, nəşrlərin oxunulmasında QK-dan istifadə etmək və s.müxtəlif üsullarla həyata keçirmək olar. Həmçinin bank, məhkəmə, xəstəxana, polis, fövqaladə hallar zamanı istifadə olunan xidmətlər üçün vahid Jest dili məlumatlandırma mərkəzi yaradılması zəruridir. Biz təşkilat olaraq müxtəlif dövlət qurumları ilə əməkdaşlıq edərək onların maarifləndirici sosial video çarxlarının eşitmə məhdudiyyətli şəxslərə əlçatanlığının təmin olunması üçün Jest dilinə tərcüməsini həyata keçirmişik".

Qeyd edək ki, Jest dilinin eşitmə və nitq məhdudiyyətli insanlar arasında daha geniş yayılması, cəmiyyətimizdə əlaqə və maarifləndirmənin inkişafı üçün vacib bir addımdır. Bu dildə olan yüksək maraq, onun gücünü və əhəmiyyətini vurğulayır. Həm valideynlər, həm də tərbiyəçilər arasında bu dilə olan marağın artması, cəmiyyətimizdə daha dərin bir qəbul və başa düşmə yaratma potensialına malikdir. Bu, ehtiyacı olan insanların daha çox cəmiyyətə inteqrasiyasına kömək edə biləcək və onlara daha geniş bir əlaqə və dəstək şəbəkəsi təmin edəcəkdir. Jest dilinin təşviqi və təhsili, cəmiyyətimizin bütövlükdə daha inklüziv və həssas bir hal almasına yardım edəcəkdir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı