Xəbərlər 08.05.2024 13:02 1386

Bakı Dövlət Universitetində Ulu öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Ulu öndərin xatirəsi ehtiramla yad edilib. 

 

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev isə çıxışı zamanı bildirib ki, Ümummilli lider Heydər Əliyev məqsədyönlü fəaliyyəti ilə Azərbaycan dövlətini zamanın ən çətin sınaqlarından çıxarıb və ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olub. O, Ulu Öndərin Azərbaycan xalqının tarixində xüsusi iz buraxdığını diqqətə çatdırıb. 

 

Tədbirdə çıxış edən Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bu gün ölkəmizdə aparılan uğurlu sosial siyasətin banisi Ümummilli liderin həssas əhali qruplarına olan qayğısından bəhs edib.

Sədr bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurlu şəkildə davam etdirilir, vətəndaş rifahının təminatı istiqamətində yeni-yeni nailiyyətlərə imza atılır.

 

Tədbirdə Ümummilli liderin həyatının müxtəlif anlarını özündə əks etdirən fotolar nümayiş olunub. Nümayiş olunan şəkillərin müəllifi, Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırov tədbir zamanı Ulu öndərlə bağlı xatirələrindən danışıb. 

 

Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, əməkdar incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru Məhəbbət Mehdiyeva öz çıxışı zamanı Ümummilli liderlə birgə çalışdığı illərdə olan xoş xatirələrindən, həmçinin onun ölkəmizin inkişafı üçün danılmaz xidmətlərindən bəhs edib.

 

Sonda Bakı Dövlət Universitetinin və Azərbaycan Milli Konservatoriyasının tələbələri şeirlər, mahnılar ifa ediblər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı