Xəbərlər 09.05.2024 11:07 1259

Bu gün DOST Agentliyi və ilk DOST mərkəzinin açılışından 5 il ötür

5 il əvvəl, 2019-cu ilin mayın 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi və ilk DOST mərkəzinin açılışı olub.

 

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 15 istiqamət üzrə 159 sosial xidmətin əhaliyə vahid platformadan, “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş məmnunluğu və rahatlığı prinsipi əsasında təqdim olunmasına imkan yaradıb.

 

Artıq Bakı şəhəri, Abşeron və Bərdə rayonlarında olmaqla 7 DOST mərkəzi açılıb. Eyni zamanda, işğaldan azad edilmiş bölgələrimizdə DOST xidmətlərinin qurulmasında ilk addım kimi 2022-ci ilin may ayında Zəngilanın Ağalı kəndində ilk "Smart DOST" xidmət məntəqəsi istifadəyə verilib. 2023-cü il avqustun 7-də isə Prezident İlham Əliyevin iştirakı ilə Bərdədə Qarabağ Regional DOST mərkəzi açılıb.

 

DOST mərkəzlərində ötən dövrdə artıq 2,6 milyon vətəndaşa xidmət göstərilib və bu xidmətlərdən vətəndaş məmnunluğu 98,2 faizdir.

 

DOST infrastrukturunun ölkə boyu genişləndirilməsi işləri davam edir. Hazırda Naxçıvan, Şuşa, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda DOST xidmətləri şəbəkəsinin qurulması üçün layihə, təmir-tikinti işləri aparılır. Ümumilikdə 17 yeni Regional DOST mərkəzi və ətraf rayonlar üzrə onların ümumilikdə 55 filialı yaradılacaq və bütün ölkə DOST xidmətləri ilə əhatə olunacaq.  

 

Azərbaycanın yeni brendinə çevrilən DOST konsepsiyası beynəlxalq səviyyədə də yüksək qiymət alaraq müasir dünyanın sosial innovasiyalar sahəsində mühüm nailiyyətləri, qabaqcıl təcrübələri sırasına daxil edilib. DOST Agentliyi ötən dövrdə 30-dan çox beynəlxalq mükafat və sertifikatla təltif olunub. Bu mükafatların sırasında Avropa Sosial Şəbəkəsinin, Beynəlxalq Sosial Təminat Assosiasiyasının, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının və s. xüsusi mükafatları yer alır.  

 

Həmçinin “Aİ Biznes Mühiti Hesabatı 2021”-də DOST mərkəzləri Azərbaycanın 3 təkmil islahatından biri kimi qiymətləndirilib. “Bir pəncərə” prinsipinə əsaslanan DOST xidmətləri modeli BMT tərəfindən “İnnovativ ictimai xidmət həlləri” statusunda tanınıb. Bu gün bir çox ölkələr də DOST təcrübəsini öyrənərək onu tətbiq etməyə maraq göstərirlər və bu sahədə həmin ölkələrlə təcrübə mübadiləsi aparılır.

 

DOST Agentliyinin bu günlərdə 5 yaşı tamam olan “Könüllü DOST” proqramı isə ölkəmizdə könüllülük hərəkatının genişlənməsində mühüm rola malikdir. Proqrama ötən dövrdə 112,5 mindən çox müraciət olub və 4,8 mindən çox şəxs proqrama cəlb edilib.

 

“Könüllü DOST” proqramı da ötən dövrdə Beynəlxalq Sosial Təminat Assosiasiyasının xüsusi mükafatlarına layiq görülərək həmçinin “Global HR Summit 2023” beynəlxalq müsabiqəsinin “Ən yaxşı Korporativ Sosial Məsuliyyət Strategiyası” kateqoriyası üzrə qalibi olub.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı