"Dövlət qulluqçularının əməkhaqqı artım səviyyəsi ölkə üzrə orta aylıq əmək haqqı artımından geri qalır"- DEPUTAT
Dövlət Statistika Komitəsinin məlumatına görə, Dövlət qulluqçularının orta aylıq əməkhaqqısı ötən il əvvəlki ilə nisbətən 8,3 faiz artaraq 1933 manata çatıb.
QHT.az xəbər verir ki, deputat Vüqar Bayramov bildirib ki, ötən il ölkə üzrə orta aylıq nominal əmək haqqı 11,2 faiz yüksəlib: "Statistik müqayisə göstərir ki, dövlət qulluqçuların maaşlarındakı artım ölkə üzrə orta aylıq əmək haqqı artmından aşağı olub. Yəni, Azərbaycanda əmək müqaviləsi ilə çalışanların orta maaşları dövlət qulluqçularının əmək haqqları ilə müqayisədə 2.9 faiz bənd daha çox yüksəlib".
Bəs Dövlət qulluqçularının maaşlarındakı artımın ölkə üzrə orta aylıq artım səviyyəsindən geri qalmasının səbəbləri nədir?
Deputat bildirib ki, rəsmi statistikaya görə, ötən il 1 milyon 741 min nəfər əmək müaviləsi ilə çalışıb: "Onlardan 899 min nəfər dövlət sektorunda, 842 min nəfəri isə özəl sahədə fəaliyyət göstərib. Digər tərəfdən, özəl sektorda çalışanların sayı isə ötən il 12,1 min nəfər artıb. Yəni, artıq özəl sektorda çalışanların sayı dövlət sektorunda muzdla işləyənlərin sayına çatmaqdadır. Özəl müqavilələrin sayının artması ölkə üzrə müqayisəli şəkildə daha yüksək maaş artımına səbəb olub".