Aynur Musayeva: "İnklüziv Təhsil Sağlam Cəmiyyətin Əsas Prinsiplərindəndir"
Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva, inklüziv təhsilin əhəmiyyətini vurğulayaraq, onun əsas hədəflərindən birinin uşaqların sosiallaşması ilə yanaşı, keyfiyyətli təhsil almalarının da olduğunu qeyd edib.
QHT.az xəbər verir ki, A.Musayeva bildirib ki, inklüziv təhsil sahəsində məktəblərdə kadr potensialının artırılması olduqca vacibdir. Daun və autizm sindromlu, yüngül əqli geriliyi olan və serebral iflicdən əziyyət çəkən uşaqların təhsil prosesinə cəlb olunması və effektiv nəticələrin əldə olunması, bu sahədə peşəkar kadrların sayının artırılması ilə sıx bağlıdır. Sağlamlıq imkanları məhdud olan uşaqlarla işləməyin daha çox həssaslıq və səbr tələb etdiyini vurğulayan Musayeva, bu pedaqoqların maddi cəhətdən stimullaşdırılmasının vacibliyini qeyd edib.
A. Musayeva, əlilliyi olan uşaqların ümumi təhsilə cəlb olunmasının onların cəmiyyətə inteqrasiyasında mühüm rol oynadığını və tədris prosesi vasitəsilə nadir istedadların aşkarlandığını bildirib. O, sağlam cəmiyyətin, bütün insanların qəbul edilməsi prinsipi üzərində qurulduğunu vurğulayaraq, əlillik anlayışına tibbi yox, məhz insan hüquqları baxımından yanaşılmasının vacibliyini qeyd edib.